Yeniyetmə şahmatçılarımızdan uğurlu nəticə

Yeniyetmə şahmatçılarımızdan uğurlu nəticə Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində uğurlu nəticələr əldə edən, medallar qazanan Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə şahmatçılar adından təşəkkürünü bildirib.
Sonra Azad Rəhimov Avropa birinciliyində medallar qazanmış gənc şahmatçılara Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarını və pul mükafatları təqdim edib.
Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. 14 və 8 yaşadək qızların yarışında müvafiq olaraq Ayan Allahverdiyeva və Dinara Hüseynova Avropa (hər ikisi Bakı) çempionu olublar. Gəncə təmsilçisi Səadət Bəşirli 8 yaşadək qızların mübarizəsində gümüş medal qazanıb. Oğlan təmsilçilərimizdən Yusif Kərimli (Şəki) 8, Cahandar Azadəliyev (Bakı) isə 10 yaşadək şahmatçıların yarışında bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, bu nəticə ilə Azərbaycan yığması komanda hesabında Rusiyadan sonra ikinci pillədə qərarlaşıb.

Sifai SƏFƏROVA

Oxşar xəbərlər