ADPU-nun Pedaqoji Forumunun “İnsan hüquqları: dünən və bu gün” mövzusunda növbəti dinləməsi keçirilib

ADPU-nun Pedaqoji Forumunun “İnsan hüquqları: dünən və bu gün” mövzusunda növbəti dinləməsi keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) növbəti X dinləməsi keçirilib. Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynovun “İnsan hüquqları: dünən və bu gün” mövzusunda məruzəsi dinlənilib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimlər iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Lətif Hüseynov 1986-cı ildə Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir. Lətif Hüseynov 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərmişdir. 1992-1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır. 2002-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris etmişdir. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004-2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur. 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır.
Dinləmədə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov “İnsan hüquqları: dünən və bu gün” mövzusunda məruzə edərək bildirib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları müstəqil hüquq sahəsi kimi hüququn digər sahələri ilə, o cümlədən konstitusiya hüququ, beynəlxalq hüquq ilə qarşılıqlı əlaqələrə malikdir. XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmuşdur. Bununla əlaqədar olaraq,1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd edilir. L.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin təşkili və fəaliyyətinin bir sıra nəzəri və praktik aspektləri haqqında danışaraq Avropa Məhkəməsinə müraciət edilməsi qaydası, şikayətlərə baxılma mexanizmi, Avropa Məhkəməsinin qərarları, onların hüquqi qüvvəsi və icrası, həmçinin qərarların milli hüquqa təsiri və bununla bağlı bir sıra digər məsələlər barədə ətraflı məlumat verib.
Tədbirə yekun vuran Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov maraqlı və məzmunlu təqdimata görə Lətif Hüseynova təşəkkürünü bildirib və belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Pedaqoji Forumunun “İnsan hüquqları: dünən və bu gün” mövzusunda növbəti dinləməsi keçirilib

ADPU-nun Pedaqoji Forumunun “İnsan hüquqları: dünən və bu gün” mövzusunda növbəti dinləməsi keçirilib

Oxşar xəbərlər