Alimlər ekzoplanetlərdə suyun mövcudluğunu tədqiq ediblər

Alimlər ekzoplanetlərdə suyun mövcudluğunu tədqiq ediblər Alimlər kiçik planetlərdə suyun mövcudluğunu tədqiq ediblər. Onlar belə qənaətə gəliblər ki, Qız bürcündə yerləşən və “WASP-39b” adı verilən qızmar saturn istisna olmaqla, son illər kəşf edilmiş ekzoplanetlərin heç birində yetərincə su ehtiyatı yoxdur. Astronomlar cəmi 19 kiçik planet arasında aparılan tədqiqatın yekunlarını “Astrophysical Journal Letters” jurnalında dərc etdiriblər.
Kembric Universitetinin astrofiziki, tədqiqatın müəlliflərindən biri Nikku Madusudan qeyd edib: “Suyun mövcudluğu Yer kürəsində həyatın ən əsas mənbəyidir və bunu nəzərə alaraq biz çalışdıq ki, bizim planet sistemimizin kənarında olan digər göy cisimlərində də rütubətin olub olmadığını müəyyən edək. Ən müxtəlif tipli ekzoplanetlərdə suyun bu qədər as olması bizi təəccübləndirdi”.
Qeyd olunub ki, son bir neçə il ərzində alimlər mindən çox ekzoplanet kəşf ediblər və daha bir neçə min də ehtimal olunan bu cür göy cisimləri var. Onların bir çoxu “qızmar yupiter” adlanan qrupa aid edilir, lakin alimlər Yer kürəsinin ölçüsü boyda olan daha kiçik planetlər aşkar edirlər. Yerin potensial əkizlərinin sayının artması fonunda onlarda həyatın mövcudluğu üçün şəraitin olması sualı da yaranır. Bunun üçün həmin kiçik planetin atmosferində və ya səthində suyun olmasını öyrənmək lazımdır. Ən müasir teleskoplar da ekzoplanetlərin hətta bizə ən yaxın məsafədə yerləşənlərinin də detallı fotoşəkilini çəkə bilmir və alimlər başqa planetlərdə suyun olmasını dolayı vasitələrlə - ulduzların işıqlarının onların atmosferindən necə keçməsi yolu ilə öyrənməli olurlar.
Alimlər bütün bu vasitələri birləşdirərək müxtəlif tipli ekzoplanetlərin müqayisəsini aparıblar və “Hubble”, “Spitser” kosmik teleskoplarının, habelə onlarla yerüstü müşahidə qurğularının məlumatlarından istifadə ediblər. Ümumilikdə 19 ekzoplanetin tədqiqi göstərib ki, təkcə Qız bürcündə yerləşən “WASP-39b” adı verilən qızmar saturnda bol su ehtiyatı var. Astronomlar onun atmosferində ammiak və digər uçucu maddələr də aşkar ediblər. Digər qaz nəhəngi olan planetlərdə suyun olmaması alimləri təəccübləndirib. Belə ki, Yupiterin atmosferinin nəzəri hesablamaları və müşahidələri göstərib ki, onun da tərkibində suyun həcmi çox olmalıdır. Bütün bunlar onu da göstərib ki, Günəş sisteminin planetləri onun hüdudlarından kənarda və bir-birinə bənzəməyən unikal şəraitlərdə meydana gəliblər.

Tehsil-press.az

Oxşar xəbərlər