Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən milli-mənəvi dəyərlərin öyrənilməsi və təbliği ilə bağlı əmr imzalanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən milli-mənəvi dəyərlərin öyrənilməsi və təbliği ilə bağlı əmr imzalanıb “Azərbaycan Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən əmr imzalanıb.
Əmrə əsasən, təhsil müəssisələrində milli-mənəvi dəyərlər, ümummilli lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyalarının öyrənilməsi, Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənətinə məhəbbət hissinin aşılanması, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin təbliği ilə bağlı seminar, konfrans, təqdimat, dəyirmi masa, disput, müsabiqə, görüş, intellektual oyun, ekskursiya, ədəbi-bədii gecə və bədii qiraət müsabiqələri keçiriləcək.
“Mütaliəni həyat tərzinə çevirək” devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin oxunmasına həvəsləndirilməsi məqsədilə kitabxana xətti ilə bədii əsərlərin mütaliəsi və müzakirəsi təşkil olunacaq. Bundan əlavə, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin tərbiyə işinin təşkili ilə bağlı təhsil müəssisələrində mühazirələri keçiriləcək. Həmçinin Azərbaycanın inkişafına və dünyada təbliğinə böyük töhfələr vermiş şəxslər və tarixdə iz qoymuş ziyalıların təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinə dair broşürlər, videoçarxlar hazırlanacaq. Təhsil müəssisələrində Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələrin təbliği məqsədilə görüşlər, təqdimatlar keçiriləcək.
Qeyd olunan tədbirlərin keçirilməsi ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işini təkmilləşdirmək, təhsilalanları milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə nail olmaq məqsədlərinə xidmət edir.

Tehsil-press.az

Oxşar xəbərlər