Təhsil müəssisələrində Dövlət Müstəqilliyi Günü qeyd olunub

Təhsil müəssisələrində Dövlət Müstəqilliyi Günü qeyd olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.
Təhsil müəssisələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Həmçinin təhsil müəssisələrində bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
“Müstəqilliyimiz əbədidir!”, “Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz milli sərvətimizdir”, “18 oktyabr dövlət müstəqilliyi günüdür”, “Müstəqilliyimizin 26 illiyi” və digər tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak edib.
Tədbirlərdə çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salıb, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.
Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər. Onların hazırladıqları ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş olunub.

BŞTİ-nin Mətbuat xidməti



Oxşar xəbərlər