Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükut ilə anılıb.
Tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ali təhsil müəssisəsinin müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımından iyirmi səkkiz il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.
C.Məmmədov Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirərək, bu faciəni törədənlərin öz layiqli cəzalarını almaları üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.
Rektor şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov bildirib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərimizin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.
İnstitutun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “İslamda şəhidlik” mövzusunda çıxış edib. İslam dinində şəhidlik məqamı, Vətən sevgisi və onu qorumağın vacibliyi haqqında söhbət açıb. Bildirib ki, Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi mərtəbədir.
Daha sonra Aİİ-nin müəllimi tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa “Xocalı faciəsinə tarixi baxış” mövzusunda çıxış edib. Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonlarından məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, repressiya və deportasiyaya məruz qoyublar. Ermənilər etnik təmizləmə apararaq, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə xalqımız dəfələrlə ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.
R.Mustafa Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr məhv edilib.
Tədbirdə XX əsrin faciəsi olan Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər