“Vətəndaşlar elə başa düşür ki, bu dəqiqə qeydiyyatdan keçməsələr, yardımdan məhrum olacaqlar”

“Vətəndaşlar elə başa düşür ki, bu dəqiqə qeydiyyatdan keçməsələr, yardımdan məhrum olacaqlar” “Vətəndaşlar elə başa düşür ki, bu dəqiqə qeydiyyatdan keçməsələr, daha sonra birdəfəlik ödənişdən məhrum olacaqlar. Xüsusi karantin dövründə işsiz vətəndaşlar portala daxil olaraq müraciət edə bilər. Bu da aprelin 20-dək müəyyən edilib”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov AZTV-də qonaq olan zaman deyib. Bildirib ki, bu müraciətlər kütləvi xarakter almamalıdır:
“Dövlət məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınan vətəndaşlara pandemiyadan zərəçəkmiş kimi tanınaraq 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub. Burada işsiz şəxs statusunun kimə şamil edilməsi əsas məsələdir. İşsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
Təəssüflə qeyd etmək istəyirik ki, bu tədbirdən istifadə etmək istəyən muzdlu şəxslər də, məşğul şəxslər də portala müraciət edirlər və bu da portalın əlavə yüklənməsinə gətirib çıxardır.
Hazırda sistemin təkmilləşdirilməsi ilə bağlı iş həyata keçirilir və çox qısa zamanda həll olunacaq. Sistemin mobil tətbiqi də var.
Yüklənmələrin və əlavə çətinliklərin qarşısını almaq üçün bu günlərdə rayonlar üzrə müraciətlərin qrafikini açıqlayacağıq.
Dünəndən qarşılaşdığımız ən çox suallardan biri də odur ki, vətəndaşlarımız portalın adında çətinlik çəkir. Vətəndaşlar www.e-sosial.az portalına daxil olmalıdır.
Ödənişin verilməsində ünvanlılıq əsas götürülür. Ödənişin qlobal problemdən real əziyyət çəkən vətəndaşın ünvanına çatmasından söhbət gedir. Çünki bütün işsiz şəxslərə də bu birdəfəlik ödəniş verilməyəcək”.
Hər iki şəxsin işsiz olduğu ailələrdə sosial yardımın neçə nəfərə şamil ediləcəyi ilə bağlı sualı cavablandıran F. Talıbov bildirib ki, sözügedən məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan asılı olaraq müəyyən ediləcək: “Bizim təklifimizdə ailə üzvlərindən birinin bu xidmətdən yararlanması qeyd olunur. Bundan başqa, təsdiq mesajının gəlib gəlməməsindən asılı olaraq vətəndaşlar əmək pensiyası yaşına çatıbsa, onlara həmin gündən etibarən pensiya hesablanır və birdəfəlik ödənişin verilməsi nəzərdə tutulmayıb”.

Tehsil-press.az

Oxşar xəbərlər