Müasir həyatımızda distant təhsilin əhəmiyyəti və məsafədən tədrisin zəruriliyi

Müasir həyatımızda distant təhsilin əhəmiyyəti və məsafədən tədrisin zəruriliyi Bəşərin son yüz ildə ilk dəfə qarşılaşdığı bir vəziyyətlə üz-üzəyik. Dünyanı öz ağuşuna almış koronovirus pandemiyası insanları sosial izolyasiyaya məcbur edib. Hazırda az öncə iflic vəziyyətinə düşmüş dünya iqtisadiyyatı dirçəlməyə can atır. Statistik göstəricilər onu deməyə imkan verir ki, həyəcan dolu anlar arxada qalıb. Dünya üzrə müalicə olub sağalanların sayı xəstəlikdən ölənlərin sayından daha çoxdur. Lakin hələ də yoluxma halları var. COVİD-19 epidamiyasına qarşı açılan savaş hələ də davam edir. Dünyanın tanınmış epidemioloq və virusoloqları hələ də bu gözəgörünməz qatillə mübarizədə zəfər çalmaqda acizliyini etiraf edirlər. Deməli, yaxın zamanlarda pandemiya başa çatsa, hamımızın arzu etdiyi karantin tədbirləri ortadan qaldırılsa da, situasiyanın bir daha təkrarlanmayacağından sığortalanmamışıq.
Bu hadisə cəmiyyətlərə dərs oldu, insanların həyata baxışını dəyişdi, bizə adi gələn hər bir şeyin əslində necə də önəmli olduğunu bir daha sübut etdi. Yaşadığımız izolyasiya şəraiti məişətimizin hər bir sahəsinə nüfuz edərək bütün aktiv fəaliyyətimizi çərçivəyə saldı, ünsiyyətimizi virtual sferaya keçirib, fiziki təması minimum həddə endirdi və bu bizi internet texnologiyalarından asılı vəziyyətə saldı.
Düzdür, müdrik dövlət başçımızın məqsədyönlü fəaliyyəti sayəsində dünyada böyük həyəcana səbəb olan bu virusa qarşı Azərbaycan Respublikası ərazisində vaxtında görülmüş önəmli tədbirlər, əhalinin sağlamlığı üçün atılan zəruri addımlar öz töhfəsini verdi, bu savaşdan az itki ilə çaxmağımıza səbəb oldu. Lakin insanların psixoloji durumunun təhlili onu deməyə imkan verir ki, cəmiyyətimiz bu vəziyyətə heç də hazır deyildi. Yaxşı ki, belə bir zamanda dövlət qurumlarımız, xüsusən də kütləvi informasiya vasitələri vaxtında maarifləndirmə işləri aparmaqla insanları bir-biri ilə həmrəy olmağa, dövlətin gördüyü tədbirlərdə ona hərtərəfli dəstək çıxmağa, dezinformasiyalara inanmayıb, birgə mübarizə tədbirləri görməyə inandıra bildi. Cəmiyyətimiz də dövlətimizlə həmrəy olduğunu bir daha nümayiş etdirib bu imtahandan üzüağ çıxmağımıza şərait yaratmış oldu.
Qeyd etməliyik ki, insanların sağlamlığını təhdid altına alan, dünya iqtisadiyyatına ciddi zərbələr vuran bu virus təhlükəsi təhsil sahəsindən də yan keçməyib. Koronavirus epidemiyasına görə həyatımızın bütün sahələrində yaranmış müvəqqəti durğunluq tədris prosesində də olduqca çətin vəziyyətə səbəb olmuş, təhsil sistemimizi həlli müşkül olan məsələlərlə üz-üzə qoymuşdur.
Düzdür, televiziya kanalları (Mədəniyyət, ARB Günəş) vasitəsilə bütün respublikaya translyasiya olunan “Dərs vaxtı” verilişi bu çətin vəziyyətdən çıxmaq üçün ilk uğurlu və zamanında atılmış addım oldu. Lakin bu hələ məsafədən təhsil, distant tədris prosesi deyil. Koronovirus təhlükəsi sosial həyatımızı məhdudlaşdırdığı kimi təhsil subyektlərini və obyektlərini də tədris prosesindən ayrı salmışdır. Mövcud vəziyyət distant təhsilin zəruriliyini ortaya çıxarır.
İndi əvvəlki dövrlərə nisbətən insanlar distant təhsil sistemi haqqında daha çox məlumata sahibdir. Koronovirus infeksiyası yayıldıqdan sonra valideynlər də, internet texnologiyalarına mühafizəkar yanaşan müəllimlər də onun zəruriliyini dərk edib. Çünki bu gün dövlət də tədris prosesində yaranmış çətinliyi nəzərə alaraq bu yöndə bir sıra zəruri tədbirlər həyata keçirir, distant təhsilə qoşulmağın vacibliyini cəmiyyətə çatdıra bilir.
“Təhsil haqqında” qanuna görə, Azərbaycanda ali təhsil alma formalarından biri də distant təhsildir. Hazırda distant təhsil sistemi müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldırıb. Bu qanunun tələblərinə cavab verərək bu gün ali məktəblərimizin əksəriyyətində müəllim və tələbələrin ünsiyyəti müxtəlif internet texnologiyalarından istifadə (məsələn, Microsoft Teams proqramı) vasitəsilə tamamilə və ya qismən də olsa təşkil olunub. Yəni respublikanın əksər universitetləri zərurətdən çıxış edərək distant təhsilin tətbiqinə keçid alıb. Müəllim-professor heyətinin və tələbələrin hamısı bu sistemə qoşulmasa da, böyük əksəriyyətin distant təhsil prosesində iştirakı təmin olunub.
Lakin bunu bütün orta məktəblərimiz haqqında söyləmək mümkün deyil. Heç də hər məktəbdə belə ünsiyyət təşkil olunmayıb, yaxud təşkil olunsa da, hər şagird məsafədən təhsilə qoşulmaq üçün zəruri texnika və informasiya resursu ilə təmin edilməyib. Belə bir çətin vəziyyətdə hər hansı bir şagirdin, tələbənin təhsildən geri qalması ürəkaçan deyil.
Mən distant təhsil verən bir müəllim kimi həm evdə təhsil, həm də səhiyyə müəssisəsində tətbiq etdiyimiz distant təhsilin bütün ölkə üzrə tətbiq olunmasına çox sevinirəm və öz təcrübəmdən çıxış edərək bu təlim sisteminin olduqca faydalı, həmçinin yetişən yeni nəsil üçün maraqlı olduğunu söyləyə bilərəm.
Dünya təcrübəsində çoxdan səmərə vermiş distant, virtual təhsil formaları artıq günümüzün həqiqətinə çevrilmişdir. Elektron dərsliklər, multimedia proqramları, tədrisdə istifadə olunan bütün avadanlıqlar, təhsil alanın evində müvafiq şəraitin olması, telekommunikasiya vasitələrindən istifadə distant təhsilin keçilməsinə şərait yaradır. Bu sistem sayəsində şagird təhsil müəssisəsindən və müəllimindən ayrı olmasına baxmayaraq, vaxtını itirmədən təhsilini davam etdirə bilir.
Distant təhsilin formalarından biri də evdə təhsildir. Xəstəliyinə görə təhsilini yarımçıq qoyan və məktəbə gedə bilməyənlər üçün bu təhsil sistemi olduqca əlverişlidir. Belə ki, bu müddət ərzində onlar müalicə almaqla yanaşı, həm də öz təhsillərindən geri qalmayaraq dərslərinə davam edə bilirlər.
Təhsil proqramı sahəsində müxtəlif məqsədlərlə istəniləni həyata keçirə bilən distant təhsil sisteminin funksiyaları və müsbət cəhətləri olduqca genişdir:
1. Distant təhsil, hər hansı səbəbdən təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.
2. Distant təhsil insanın utancaqlıq hissini aradan qaldırmaq üçün bir fürsətdir. Yəni sinifdə və ya auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan yaradır.
3. Distant təhsil mobildir və deməli, tələbənin, şagirdin daim aktual məsələlərə çıxışı olur.
4. Distant təhsil vaxtının çoxunu iş yerində, uşaqları və ya ailəsi ilə keçirən insanlar üçün də yeni biliklər və bacarıqlar əldə etmək şansı yaradır. Hər hansı bir şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı qazanır.
Bu təhsil sistemində müəyyən məhdudiyyətlər də var. Belə ki, müəllimlərin üzərinə olduqca böyük məsuliyyət düşür. Müəllimlər məktəbdə və ya universitetdə keçdikləri ənənəvi dərslərdən, mühazirələrdən, seminarlardan fərqli olaraq, distant dərslərdə dinləyicilərin darıxmaması üçün bəzən müəyyən jestlərdən və mimikalardan istifadə etməli, səs tonu ilə manipulyasiyalar etməli, auditoriyanı canlandırmaq üçün dərsləri daha maraqlı keçməlidirlər. Çünki dinləyici qismində çıxış edən tərəf hər bir an internet şəbəkəsində yaranmış nasazlığı bəhanə edib tədris prosesindən ayrıla bilər.
Bildirməliyəm ki, ölkə olaraq keçid aldığımız bu təhsil sistemi bizi rəqəmsal texnologiya ilə daha da doğmalaşdırır. Bu sistem, İKT sahəsində bilik və bacarıqlarımızı inkişaf etdirir, müxtəlif proqram (teams, zoom, e-dərslik və s.) və resurslardan, təlim materiallardan istifadə imkanı yaradır.
Ümidvaram ki, düşdüyümüz vəziyyətdən nəticə çıxaracaq, distant təhsil sistemindən tədris prosesində yalnız zəruri hallarında deyil, hər zaman istifadə edəcəyik. Onu təhsilin bir tərkib hissəsinə çevrilərək, müxtəlif maneələr nəticəsində dərsdən qalmaq məcburiyyətində olan öyrənənlərin cəmiyyətə inteqrasiyası üçün tətbiq edəcəyik.
Məlumdur ki, distant təhsilin kütləviləşməsi daha çox şagird və tələbənin bu sistemə cəlb olunması deməkdir. Gələcəkdə bu təhsil qloballaşaraq dünya təhsil sistemini formalaşdıra bilər. Azərbaycanın qabaqcıl təhsil ocaqları distant təhsil sahəsində bir sıra islahatlar aparmaqdadır. Bu yöndə atılmış hər bir addım keyfiyyətli təhsil mühitinin yaradılmasına, təhsil sahəsində bir çox uğurların əldə olunmasına, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə, gələcək mütəxəssislərin yaşayış yerini tərk etmədən dünyanın müxtəlif yerində fəaliyyət göstərən peşəkarlarla ünsiyyət qurmasına şərait yaradacaqdır. Distant formada təhsil almaq hər bir vətəndaşın hüququdur. Bu hüquqdan yararlanmaq üçün müvafiq şəraiti isə biz, bu günün sahibləri qurmalıyıq. Çünki biz birlikdə güclüyük.

Hacıyeva Könül
“Distant Bilik” Mərkəzinin müəllimi


Oxşar xəbərlər