Yaponiyada fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb

Yaponiyada fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb Yaponiyada koronavirus pandemiyasının yayılmasına qarşı mübarizə üzrə hökumət qərargahı ölkədə fövqəladə vəziyyət rejimini mayın 31-dək uzadacaq.
Bunu Yaponiyanın İqtisadi Bərpa naziri Yasutoşi Nişimura bildirib.
“Biz ekspertlər şurasında fövqəladə vəziyyətin müddəti və yeri məsələsini müzakirə etdik. Onların rəyinə əsasən, fövqəladə rejimin mayın 31-dək uzadılması və bütün prefekturalara tətbiq olunması qərara alındı. Bu barədə rəsmi qərar qərargah tərəfindən qəbul olunacaq”, - deyə nazir vurğulayıb.
Yaponiyada son sutkalar ərzində koronavirusa yoluxma halları 400-dən 200-dək azalsa da, insanlar arasında təmasın 70-80 faizədək aşağı salınmasına nail olmaq mümkün olmayıb. Əsasən böyük şəhərlər bu rəqəmə yaxınlaşsalar da, əyalətlərdə bu göstərici 30-50 faiz arasında dəyişir. Eyni zamanda, 17 prefekturanın rəhbərliyi yeni dərs ilinin başlanması tarixini aprelə yox, digər dünya ölkələri kimi sentyabra dəyişməyi təklif edib.
Xatırladaq ki, Yaponiyada fövqəladə vəziyyət rejimi aprelin 7-də ilk olaraq yeddi prefekturada tətbiq olunub. Aprelin 18-dən isə bu status ölkənin digər prefekturalarına da ötürülüb. Artıq iki aydır ki, ölkədə parklar, konsert salonları və idman meydançaları bağlanıb. Martın əvvəllərindən isə məktəblər fəaliyyətini dayandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər