Təhsil naziri “Microsoft” və “CISCO Systems” şirkətlərinin rəhbərləri ilə innovasiyalara dair müzakirə aparıb

Təhsil naziri “Microsoft” və “CISCO Systems” şirkətlərinin rəhbərləri ilə innovasiyalara dair müzakirə aparıb Təhsil naziri Ceyhun Bayramov “Microsoft” korporasiyasının vitse-prezidenti Antoni Salkito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib.
Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, 900 mindən çox müəllim və şagirdi birləşdirən layihənin genişləndirilməsi, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edilməsi müzakirə olunub. Eyni zamanda, sözügedən onlayn portala Təhsil Nazirliyinin digər proqram təminatları və xidmətlərinin inteqrasiyası, bununla da virtual tədris məkanında həyata keçirilən bütün əsas prosesləri vahid portaldan izləmək və təhlil etmək imkanları müzakirə mövzusu olub.
Nazir, həmçinin “Cisco Systems” şirkətinin vitse-prezidenti Qay Didrix və şirkətin regional menecerləri ilə videokonfrans keçirib. Tərəflər şirkətlə Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə həyata keçirilən “Connected School” pilot layihəsinin icra vəziyyətini, məktəbin İKT avadanlıqları və təhsil sahəsində tətbiq olunan müasir texnologiyalarla təminatı, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkili məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco Şəbəkə Akademiyası” yaradılıb. Akademiyada kibertəhlükəsizlik üzrə təlim mərkəzinin fəaliyyət göstərməsi, Mərkəzin avadanlıq və proqram təminatı ilə təmin edilməsi və “Cisco” məzmununun tədris proqramına inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, innovativ təhsil həlləri və texnologiyaların ölkə təhsil sistemində tətbiqini araşdırmaq, təhsilverənlər üçün ixtisasartırma və əyani tətbiq imkanları yaratmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılan yeni İnnovasiya Mərkəzində “Cisco” şirkətinin də müasir texnologiyaları nümayiş etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər