BDU-da “Kimya: nəzəri və tətbiqi tədqiqatlar” mövzusunda tələbələrin I Respublika virtual elmi konfransı keçirilir

BDU-da “Kimya: nəzəri və tətbiqi tədqiqatlar” mövzusunda tələbələrin I Respublika virtual elmi konfransı keçirilir Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə “Kimya: nəzəri və tətbiqi tədqiqatlar” mövzusunda tələbələrin I Respublika virtual elmi konfransı öz işinə başlayıb.
Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunub.
BDU-nun rektoru Elçin Babayev konfransda çıxış edərək Azərbaycan ərazisində koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.
Virtual konfransı açıq elan edən rektor E.Babayev tədbirin işinə və iştirakçılara uğurlar arzulayıb.
Hazırkı çətin şəraitdə belə konfransların keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov məqalələrin yüksək indeksli nüfuzlu jurnallarda çap olunma fəallığından, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən söz açıb.
Konfransa daxil olan materiallar barədə məlumat verən fakültənin elmi işlər üzrə dekan müavini, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Elvin Məlikov konfransa daxil olan tezislərin sayı, bölmələrdə aparılacaq müzakirələr, iştirakçılar barədə informasiyanı nəzərə çatdıraraq konfransın plenar məruzəçilərini təqdim edib.
Fakültənin magistrant və bakalavr tələbələrinin iştirak etdikləri plenar məruzələrdə Emil Aydınsoy, Qəmzə Yahyayeva, İlkin Süleymanov, Rəna Qənbərova, Aytən Mursaquliyeva və Səidə Babayeva təqdimatlarla çıxış ediblər.
Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər