Çinin qanunverici orqanının illik sessiyası başa çatıb

Çinin qanunverici orqanının illik sessiyası başa çatıb Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyası mayın 28-də başa çatıb.
Sessiyanın son iclası və bağlanış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər. Çin qanunvericiləri hökumətin, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatlarını, dövlət büdcəsini, milli iqtisadi və sosial inkişaf planını, ölkənin ilk mülki məcəlləsini təsdiqləyiblər. Məcəllə gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Qəbul olunan qanunlar arasında Honkonq xüsusi inzibati bölgəsinin hüquq sisteminin və qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sənəd də var.
Qeyd edək ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncağın hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Yığıncağın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 böhranı ilə əlaqədar builki sessiyanın planlaşdırılan vaxtda təşkili mümkün olmamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər