Biofizika İnstitutunun təklifləri TƏBİB-in pandemiyaya qarşı mübarizə protokoluna salınıb

Biofizika İnstitutunun təklifləri TƏBİB-in pandemiyaya qarşı mübarizə protokoluna salınıb Səkkiz aya yaxındır ki, COVID-19 pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Bu dövrdə hökumətimizin xalqın sağlamlığı üçün tətbiq etdiyi karantin rejimi ümumxalq mənafeyinə xidmət edir və ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdir edilir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırması buna bariz nümunədir.
Akademiyanın müxbir üzvü Oktay Qasımov deyib. O bildirib ki, pandemiyaya qarşı səmərəli mübarizə bilavasitə bütün vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə karantin rejimi qaydalarına ciddi riayət olunmasından birbaşa asılıdır: “Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün qəbul olunmuş sanitar-gigiyenik qayda və tələblərə qeyd-şərtsiz riayət etməli, başqalarını da belə davranışa çağırmalıdır. Xəstə və ya sağlam olmasından asılı olmayaraq, özünü və ətrafındakıları qorumaq üçün hər kəsin qapalı məkanlarda, insanların çox olduğu yerlərdə maska taxması, sosial məsafə saxlaması, gigiyena qaydalarına ciddi riayət etməsi vacibdir”.
Pandemiyaya qarşı mübarizədə AMEA-nın Biofizika İnstitutunun kollektivi fəal iştirak edir. İnstitutda COVID-19 pandemiyası üzrə araşdırmalar aparılır, məqalələr yazılır. Əməkdaşlar kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar edirlər. Biofizika İnstitutunun təklifləri TƏBİB-in pandemiyaya qarşı mübarizə protokollarına da salınıb.
“Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bütün vətəndaşları məsuliyyətə və nizam-intizama çağırıb, özlərinin və ətrafdakıların sağlamlığı naminə karantin qaydalarına ciddi şəkildə əməl etməyə dəvət edib. Biz də vətəndaş olaraq, öz məsuliyyətimizi dərindən dərk etməli, nizam-intizamlı davranmalı, tətbiq edilən karantin qaydalarına ciddi riayət etməliyik. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini başa düşməli, Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun davranmalıdır. Çünki vətəndaşın məsuliyyətli davranması həm də onun həmrəylik nümayiş etdirməsi deməkdir”, - deyə Oktay Qasımov vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər