Ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib

Ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib 2020-2021-ci dərs ilində öz fəaliyyətimizi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq vəzifələrin yerinə yetirilməsi, onların reallaşdırılması, məqsədyönlü təşkilati və əməli tədbirlərin həyata keçirilməsi istiqamətində quracağıq. Yeni dərs ilində tədrisin təşkili işinin səmərəliliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş zəruri tədbirlərin reallaşdırılması, təhsil müəssisələrinin idarəetmə məsələlərinə xüsusi diqqət yetirilməsi, şagirdlərin təlim nailiyyətlərinin daha da yaxşılaşdırılması, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, istedadlı şagirdlərin stimullaşdırılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək. Həmçinin kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, fərdi gigiyena qaydalarına riayət edilməsi, xəstəliklərə qarşı qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi sayəsində şagirdlərin xüsusi karantin qaydalarına daha diqqətli yanaşacağını düşünürəm. İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək.
Bunu yeni dərs ilinin başlanması ilə əlaqədar mətbuata açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev söyləyib.
“Tətbiq olunan karantin rejimində bütün dövlət orqanları fəaliyyətini qaydalara uyğun qurmağa çalışır. Mövcud sanitar-epidemioloji vəziyyətin ilk günlərindən BŞTİ də fəaliyyətini əsasən məsafədən təşkil edir. Fəaliyyətin məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun təşkil edirik. Müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. Vaxtaşırı olaraq bütün təhsil müəssisələrində və BŞTİ-nin inzibati binasında dezinfeksiya işləri aparılır. Pandemiya dövründə BŞTİ-nin təşkilatçılığı ilə məktəblilər arasında həm tədris ili ərzində, həm də yay tətili dövründə müxtəlif mövzular üzrə onlayn müsabiqələr, yarışlar təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqələrin əsas məqsədi xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyəsinin yüksəldilməsinə dəstək vermək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, uşaqlar arasında sağlam həyat tərzini təbliğ etmək, həmçinin ictimaiyyətin diqqətini xüsusi karantin rejimi qaydalarına yönəltməkdən ibarət olub. Valideyn və şagirdlərə mövcud şəraitdə psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirmək məqsədilə BŞTİ tərəfindən sosial-maarifləndirmə layihəsi həyata keçirilib. Layihə çərçivəsində məktəb psixoloqlarının ayrı-ayrı mövzular üzrə çıxışları BŞTİ-nin, təhsil müəssisələrinin internet resursları üzərindən yayımlanıb və KİV vasitəsilə geniş ictimaiyyətə təqdim olunub. Hazırda Təhsil Nazirliyi və BŞTİ tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”, - deyə BŞTİ-nin müdiri qeyd edib.
Rəşad Tağıyev bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı vaxtında həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin göstərişi ilə görülən kompleks işlər bütün mümkün hallarda infeksiyanın yayılmasının qarşısını almağa imkan versə də, həyatımızın bir sıra istiqamətlərində, o cümlədən təhsil sahəsində də koronavirus infeksiyası səbəbindən fasilə yarandığını müşahidə etdik. Arzuolunmaz vəziyyətə baxmayaraq pandemiya dövründə Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, ilk günlərdən öz təşəbbüsləri ilə distant dərslər keçməsi ən yüksək ehtirama layiqdir. Görülən kompleks tədbirlər şagirdlərin tədris mühitindən ayrılmaması üçün əlverişli zəmin yaratdı. Təsadüfi deyil ki, bütün bunlar tədris ilinin yekun nəticələrində də özünü göstərdi. Pandemiya dövründə yaranmış fasilə və çətinliyə baxmayaraq, Bakı təhsilində bir sıra parametrlər üzrə müsbət dinamika müşahidə olundu. Durmadan inkişaf edən və yeniləşən Bakı təhsili dövlətin qayğısına öz uğurları və parlaq nəticələri ilə cavab verir. Belə ki, ümumi təhsildə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı ilə bitirən məzunların, olimpiada qaliblərinin sayı ilbəil artmaqda davam edir. Ali məktəbə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunur. Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir. 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 53 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 20 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb. 2019-2020-ci tədris ilinin sonunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. Qurumun tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. I ixtisas qrupu üzrə ölkə üzrə ikinci ən yüksək nəticəni (697 bal) 297 nömrəli tam orta məktəbin məzunu, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticələri (691.4 bal və 691.2 bal) 178 və 114 nömrəli tam orta məktəblərin məzunları göstərib.
Diqqətə çatdırılıb ki, pandemiya dövründə belə təhsil infrastrukturunun inkişafı daim dövlətin və dövlət başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilir, yeni məktəb binaları tikilir və ya əsaslı təmir edilir, nəticədə şagirdlərin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılır. Prezident İlham Əliyevin paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbin yeni korpusunun və Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirakı, həmçinin Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan 216 nömrəli tam orta məktəb binasının açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı bu diqqətin bariz nümunəsidir. Biz təhsil işçiləri üçün çox qürurvericidir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olur və açılış mərasimlərində iştirak edir, dəyərli tövsiyələri ilə təhsilin inkişafı üçün yeni hədəflər müəyyənləşdirirlər.
Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq çərçivəsində 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunub. 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən inşası, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikilməsi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılıb. Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434 min 971 şagirdin təhsil alması nəzərdə tutulur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 min 794, X sinfində 25 min 611, XI sinfində 19 min 794 şagirdin təhsil alması proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 min 132 müəllim çalışır.
BŞTİ-nin müdiri qeyd edib ki, son illərdə təhsil sahəsində istər müəllimlərin, istərsə də təhsil idarəçilərinin seçiminə peşəkar yanaşma, ciddi və şəffaf meyarlar tətbiq olunur.
Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Eləcə də 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb. 18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar). Təhsil Nazirliyi tərəfindən son 7 ildə yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə artıb. Məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub. Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq.
“Təhsil sahəsində həyata keçirilən islahatların nəticələri, qazanılan uğurlar göz önündədir. Çünki strateji bir sahə olan təhsil Azərbaycanda ən yüksək səviyyədə diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir, təhsilsiz inkişaf ola bilməz. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması xüsusilə diqqətəlayiqdir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkə rəhbəri tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, təhsil sahəsində parlaq uğurlara imza atılır, mühüm islahatlar və layihələr həyata keçirilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflər uğurla reallaşdırılır. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər xüsusi olaraq qeyd olunmalıdır. Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır.Müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Bu isə ümumilikdə müəllim peşəsinə olan marağın artmasına səbəb olur, müəllim nüfuzunun yüksəlməsinə təkan verir. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar, yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Tezliklə Azərbaycanda koronavirus infeksiyasına qarşı görülən tədbirlər ürəkaçan nəticələr verəcək, ölkə həyatının bütün sahələri əvvəlki iş ahənginə qayıdacaq və 2020-2021-ci tədris ili təhsilimiz üçün yeni imkanlar və uğurların davamı ili olacaqdır”, - deyə R.Tağıyev bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər