Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan konfrans müasir dilçilik elminin inkişaf meylləri fonunda Azərbaycan dilinin qorunması və inkişafı üçün qarşıda duran yeni vəzifələrin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Açılış mərasimində Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova, BDU rektoru Elçin Babayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək qloballaşmanın sürətləndiyi bir dövrdə Azərbaycan dilinin qorunub saxlanmasının strateji önəm daşıdığını qeyd ediblər.
BDU rektoru Elçin Babayev konfransın Azərbaycan dilinin müasir dövrdə üzləşdiyi çağırışları elmi baxımdan qiymətləndirmək, dilçilik elmini yeni mərhələyə daşımaq və dilimizin inkişafını təmin edəcək konkret vəzifələri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirindəki çıxışında Azərbaycanda elmin qarşısında duran mühüm vəzifələrlə yanaşı, Azərbaycan dilinin inkişafı, qorunması və yeni dövrün tələblərinə uyğunlaşdırılması kimi olduqca əhəmiyyətli istiqamətləri ayrıca vurğulayıb və dilçilik elminin müasir çağırışlara görə yenidən qurulmasını prioritet kimi göstərib: “Bu çağırışlar hər birimiz üçün konkret fəaliyyət proqramı kimi çıxış edir. Gənc nəslin Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ifadə bacarıqlarına yiyələnməsi, təhsil sistemində dil tədrisinin keyfiyyətinin artırılması qarşımızda duran strateji vəzifələrdəndir. Bakı Dövlət Universiteti olaraq biz Azərbaycan dilinin rəqəmsal korpusunun genişləndirilməsi, dil və nitq texnologiyaları laboratoriyasının inkişafı, terminologiya üzrə yeni elmi işçi qrupların yaradılması, dilçilik sahəsində beynəlxalq tərəfdaş şəbəkəsinin genişləndirilməsi və Azərbaycan dili üzrə innovativ tədris metodlarının tətbiqi kimi sahələrdə də ardıcıl fəaliyyət göstəririk. Ali təhsil və elmi-tədqiqat müəssisələri ardıcıl və sistemli fəaliyyət göstərərək, Azərbaycan dilinin yaxın onilliklərinin elmi-strateji xəritəsini formalaşdırmalıdır. Bu cür mötəbər konfranslarda aparılan müzakirə və səsləndirilən təkliflər həm elmi ictimaiyyətə, həm də dövlət dil siyasətinə ciddi töhfə verəcək. Azərbaycan dili bizim milli kimliyimizin, dövlətçiliyimizin, dünyaya münasibətimizin ən mühüm daşıyıcısıdır. Bu dilə xidmət etmək, onu qorumaq və inkişaf etdirmək isə hər birimizin borcudur”.
Konfrans Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. O, AZLİNG konfranslarının beş illik fəaliyyətinə dair hesabatı təqdim edib.
Açılışdan sonra keçirilən “Gənc dilçilər” forumunda BDU-nu təmsil edən Filologiya fakültəsinin baş müəllimi Ramil Bayramov və doktorantı Simnar Əlizadə Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, dilçiliyin son inkişaf istiqamətləri və ana dilinin saflığının qorunmasına yönəlmiş islahatlar haqqında danışıblar.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Konfransda BDU-nun Filologiya fakültəsinin əməkdaşları: professor Qızılgül Abdullayeva, dosent Fikrət Əlizadə, fəlsəfə doktorları – Səbinə Vəliyeva, Ramil Bayramov və Yeganə Xanlarova, müəllimlərdən Pərvin Eyvazov və Nərmin Məmmədli, doktorant Simnar Əlizadə Azərbaycan dilçiliyi və türkologiyanın aktual mövzularına həsr olunmuş elmi məruzələrlə çıxış ediblər.
Həmçinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimləri - Ramil Bayramov və Pərvin Eyvazovun elmi rəhbərliyi ilə Filologiya fakültəsinin tələbələri – Tələbə Elmi Cəmiyyətinin sədri Nəzrin Əliyeva, Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov, Vüsalə Rizvanova, Günay Məmmədova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Statistika” ixtisası üzrə I kurs tələbələri Şəhla Şıxəliyeva və Vaqif Paşayev müasir ədəbi dil, dil tarixi və dialektologiyaya dair elmi məqalələrlə məruzə ediblər.
Tehsil-press.az











