“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Lətif Kərimov

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Lətif Kərimov Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Layihənin növbəti tarixi siması Lətif Kərimovdur. O,1906-cı ildə Şuşa şəhərində anadan olub.
Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir. Azərbaycan Respublikası Elmlər Akademiyasının (indiki AMEA) Memarlıq və İncəsənət İnstitutunda Xalça sənəti şöbəsini açmağa nail olub, ömrünün sonunadək həmin şöbənin rəhbəri kimi çalışıb, eyni zamanda, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub.
Lətif Kərimovun ilk dəfə olaraq Bakıda və Qubada (1932–1936) xalça məktəblərinin açılmasında böyük zəhməti olub. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar xalçaçı rəssamların yetişdirilməsi məhz onun adı ilə bağlıdır. Həm tələbkar, həm də mərhəmətli müəllim olub. O, təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib. Görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb. Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulub.
“Şuşa havamdır” deyən Lətif Kərimov, “Ən sevimli xalçanız hansıdır?” sualına belə cavab verib: “Özümün yaratdığım bütün xalçalar mənim üçün əzizdir”.
Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər