Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzi ADNSU-da yerləşəcək

Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzi ADNSU-da yerləşəcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Çinin Lanzhou Universitetinin təşkilatçılığı ilə Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının “Epidemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlıq və mübadilə üçün yeni yanaşma” adlı onlayn konfransında təmsil olunub.
Konfrans iştirakçıları beynəlxalq əlaqələrdə yeni yanaşmalar, pandemiya dövründə və sonrakı mərhələdə təhsil sahəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıb, reallıq və perspektivlər əsasında yeni inkişaf mexanizminin detallarını təhlil ediblər.
Konfransda, həmçinin İttifaqın rəhbərliyi Qafqazın İpək Yolunda vacibliyini nəzərə alaraq, burada nümayəndəliyin açılması haqqında qərar qəbul edib. Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqazda mərkəzi kimi ADNSU, baş katibi qismində isə Çində ADNSU-nun nümayəndəsi Renying Li təyin olunub. Sözügedən qərar quruma daxil olan ölkələrin universitet rektorlarının, Çin Xalq Respublikası rəsmilərinin iştirakı ilə keçirilən Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının onlayn konfransında elan olunub.
Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək 27 ölkədə və bölgələrdəki universitetləri birləşdirən bu təşkilatın ümumi problemlərimizi müzakirə etmək üçün çox gözəl platforma olduğunu diqqətə çatdırıb. Rektor ADNSU-nun pandemiya dövründəki təcrübəsi haqqında məlumat verərək deyib: “Konfransda iştirak edən digər universitetlərdə də onlayn dərslərin keçirilməsi təcrübəsi var və bir-birimizə dəstək olmalıyıq. Məsələn, neft və qaz mühəndisliyi sahəsinə aid bir işçi qrupunun yaradılması məqsədəuyğun olardı”. O, eyni zamanda ADNSU-nun elektron universitet, təhsil proseslərinin tam avtomatlaşdırılması, təhsil-tədqiqat-sənaye inteqrasiyası, texnologiyaların ötürülməsi, startap, informasiya texnologiyaları akademiyası kimi innovativ istiqamətlərdə öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
Rektor Azərbaycanda Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzinin yaradılması qərarına və ADNSU-ya olan etimad üçün “Bir kəmər, bir yol" Universitet İttifaqına minnətdarlığını bildirib.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Bayramov da çıxış edərək “Bir kəmər, bir yol” Universitet İttifaqının əhəmiyyətini qeyd edib.
Xatırladaq ki, ADNSU 2015-ci ildə Çin Xalq Respublikası tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsü əsasında yaradılan Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının üzvüdür. 27 ölkənin 173 universitetini birləşdirən bu qurum beynəlxalq nüfuza malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər