
Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynovanın quruluşçu-xoreoqrafı olduğu bu kompozisiya kamança ifaçısı və müəllim İmamyar Həsənovun ifa etdiyi “Laçın” xalq mahnısı üzərində qurulub. Peşəkar rejissor Qalib Bağırovun fərqli yanaşma tərzi ilə lentə aldığı kompozisiyada rəqsi Bakı Xoreoqrafiya Akademiyasının II kurs tələbəsi, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatı Zəhra Tanrıverdiyeva ifa edib. Kompozisiyanın əvvəlində akademiyanın Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədovun muğam ifası səsləndirilib.
Qeyd edək ki, akademiyanın “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində musiqili-xoreoqrafik yaradıcılıq işləri davam edir. Yaxın zamanda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının musiqisi əsasında “Zəfər sevinci” adlı yeni xoreoqrafik kompozisiya təqdim olunacaq. Layihənin baş məsləhətçisi Xalq artisti, dosent Təranə Muradova, rəhbəri isə Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimovadır.
Tehsil-press.az