BDU-da “Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda beynəlxalq konfrans keçirilib

BDU-da “Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda beynəlxalq konfrans keçirilib Bakı Dövlət Universitetində (BDU) “Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
Konfransda universitetin rektoru Elçin Babayev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. O, Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsinin regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini deyib. Rektor bu Qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da xüsusi vurğulayıb, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb.
Konfransın plenar iclası Türkiyə Cümhuriyyətinin Ankara Sosial Elmlər Universiteti, Yıldırım Beyazıt Universiteti, Uludağ Universiteti və Bakı Dövlət Universitetinin alimlərinin çıxışları ilə davam edib.
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev “Vətən müharibəsinin (II Qarabağ müharibəsi) beynəlxalq nəticələri”, Ankara Sosial Elmlər Universiteti Beynəlxalq münasibətlər fakültəsinin dekanı, professor Muhittin Ataman “İkinci Qarabağ savaşında qazananlar və itirənlər”, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru İbrahim Zeynalov “Vətən müharibəsində tarixi qələbəni şərtləndirən amillər”, Yıldırım Beyazıt Universitetinin Hüquq fakültəsinin əməkdaşı professor Yücel Acer “İkinci Qarabağ savaşında Ermənistanın müharibə cinayətləri”, Uludağ Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı professor Ferhat Pirinççi “Qarabağda münaqişənin çözülməsi: Türkiyə və Azərbaycan perspektivi”, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədov “Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, Ordumuzun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanıb. Ermənistanın Azərbaycana qarşı apardığı uzun illər hərbi təcavüzün beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, uzun illər davam edən işğalçılıq siyasətinin dayandırılmasını şərtləndirən amillər və qələbənin nəticələri barədə müzakirələr aparılıb.
Konfrans işini bölmə iclaslarında davam etdirib.

Tehsil-press.az

Oxşar xəbərlər