Bakı Dövlət Universitetinin birinci kurs tələbələri tədris ili haqqında ilk təəssüratlarını bölüşürlər

Bakı Dövlət Universitetinin birinci kurs tələbələri tədris ili haqqında ilk təəssüratlarını bölüşürlər Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin birinci semestrində onlayn dərslər uğurla davam edir. Koronavirus pandemiyası dövründə məsafədən tədrisin sistemli təşkili üçün bütün imkanlarını səfərbər edən universitet kollektivi təhsildə davamlılığın təmin edilməsində müvəffəqiyyətə nail olub. Ali təhsilin bütün pillələrində onlayn dərslər ənənəvi dərs cədvəlinə uyğun olmaqla distant təhsilin funksionallığından istifadə edilərək “Microsoft Teams” platforması üzərindən davam edir. Tədris prosesinin uğurlu təşkili üçün universitet rəhbərliyi və müvafiq struktur şöbələr tərəfindən lazımi tədbirlər görülüb, müəllim və tələbələrin texniki biliklərinin təkmilləşdirilməsi istiqamətində imkanlar yaradılıb. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə barədə yazılı və videoformatda təlimatlar hazırlanıb, universitetin veb-səhifəsində, sosial şəbəkələrdə və “YouTube” kanalında yerləşdirilib. Təqvim planı və sillabusların sistemə yerləşdirilməsi və qiymətləndirmə prosesi də onlayn qaydada həyata keçirilib. Keçirilən dərslərin təkrar baxılması üçün “Microsoft Teams” platformasında qeydiyyatı aparılır və tətbiqin imkanlarından maksimum istifadə edilir.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə istinadla 2020/2021-ci tədris ilində I kurs tələbələrinin ilk tədris ili ilə bağlı fikirlərini, onlayn təhsil haqqında düşüncələrini təqdim edirik:
Geologiya fakültəsinin I kurs tələbəsi Səbinə Dəmirçiyeva: “Dünyanı hələ də narahat edən koronavirus pandemiyası səbəbilə dərslərimiz onlayn formatda davam edir. Fakültə ilə ilk tanışlıq da onlayn keçirildi. Dərslərin hamısı ənənəvi dərs cədvəlinə uyğun formada keçirilir və müəllimlərimiz hər mövzunun mühazirəsini elektron formada təqdim edir. Onlayn təhsil alan tələbələr ənənəvi təhsilalanlarla eyni hüquqlara malikdir. Məsafədən təhsildə professor-müəllim heyəti ilə telefon, elektron poçt və informasiya-kommunikasiya vasitələrilə əlaqə yaratmaq çox asandır. Lazım olan bütün cavabları onlardan almaq mümkündür. Onlayn təhsil sistemi yaşadığın yeri tərk etmədən, gündəlik həyat tərzini dəyişdirmədən təhsil almaq imkanıdır. Düşünürəm ki, Bakı Dövlət Universiteti də məsafədən təhsilin təşkili işində uğura nail olub”.
Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbəsi Edson Qasımov qeyd edib ki, ilk onlayn görüşdə dekan, dekan müavinləri və tyutorlar bizə ali təhsil ocağımız və tədris ilinin təşkili haqqında məlumat verdilər. Dərslərimiz də onlayn olaraq yüksək təşkilatçılıq və vahid formada sistemli şəkildə həyata keçirilir. Müəllimlərimiz həm savadlı, həm də çox mülayimdir. Dərs prosesində suallarımız fərdi olaraq cavablandırılır, elektron mühazirələr və kitablar “Microsoft Teams” proqramı vasitəsilə əlçatandır. Bundan əlavə, ədəbiyyat materiallarını universitet Elmi Kitabxanasının elektron ünvanından da əldə etmək mümkündür. Dərslərimizlə paralel sosiallığın təmin edilməsi məqsədilə onlayn tədbirlərə qatılırıq. BDU-da təhsil almaq qürurvericidir.
Filologiya fakültəsinin I kurs tələbəsi Səadət Hüseynova: “Pandemiya səbəbindən tətbiq olunan onlayn təhsildə müəyyən məhdudiyyətlər olsa da, onun bir sıra üstünlükləri bizə başa düşməyə əsas verir ki, müasir dövrdə onlayn təhsil böyük bir inqilaba çevrilə bilər. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti kimi nüfuzlu təhsil müəssisəsində oxumaq üçün bütün imkanlar yaradılıb. BDU-da cari tədris ilinin onlayn təşkil edilməsi və I kurs tələbələrinə maksimum imkanlardan faydalanaraq akademik təhsil mühitinə tez bir zamanda uyğunlaşması üçün zəruri tədbirlər həyata keçirilib. Azərbaycanın müxtəlif yerlərindən minlərlə tələbə onlayn təhsil proqramına qoşulur və yaxud onlayn platforma vasitəsilə elmə yiyələnir. Onlayn təhsil müasir dövrdə ən böyük inqilab olmalıdır. Bu, sistemdə olduqca böyük bir dəyişiklik edir və hər kəs üçün geniş imkanlar açır. Birinci kurs olaraq təhsilimizin ən yüksək səviyyədə olması üçün həm rəhbərlik, həm də müəllim heyəti bizə hər cür şərait yaradıb. Müəllimlərin təqdim etdiyi mühazirələr, dərslərdə maraqlı diskussiyaların təşkili və onlayn ünsiyyətin səmərəli təşkili bizi həvəsləndirir. Məhz bunun nəticəsidir ki, qrupumuzda olan hər tələbə dərslərdə fəaldır, dərslərə səylə çalışır, öz bilik və bacarıqlarını artırırlar”.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi Günel Əliyeva deyib ki, kompüter elmləri ixtisasının ingilis bölməsində təhsil alır. Distant dərslər effektiv, əlçatan və rahatdır. Onlayn təhsilin ən yaxşı tərəfi, həm də ondadır ki, sizin təhsil almağınız üçün öyrənməyə həvəsinizin olması və sizi doğru istiqamətə yönləndirəcək bir müəlliminizin olmağı kifayətdir. Müəllimlərimiz dərsləri kifayət qədər aydın şəkildə izah edirlər. Onlar dərs müddətində bizə, həmçinin müxtəlif tapşırıqlar verir, biz onları yerinə yetirdikcə müəllim bizim dərsi nə qədər anladığımızı görür və qaranlıq qalan məqamları bir-bir izah edir.
Qrup yoldaşlarımızla onlayn görüşlər keçirir, birlikdə suallarımızı müzakirə edir, bir-birimizdən öyrənməyə çalışırıq. Fakültəmizlə ilk tanışlıq görüşü də onlayn baş tutdu. Suallarım yarandıqca həm tyutorlara, həm də dekan müavininə rahatlıqla müraciət edib, kömək istəyə bilirəm və onlar hər zaman mənə kömək edir, səbirlə və mülayim bir şəkildə bütün suallarıma aydınlıq gətirirlər. İstər müəllimlərlə, istərsə də inzibati heyətlə onlayn müraciətlərin operativliyi təmin edilib. Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvləri sosial layihələrin keçirilməsi və onlayn tədbirlərlə bağlı mütəmadi olaraq məlumatlar paylaşır və belə tədbir və görüşlərin keçirilməsi də sosial aktivliyin təmin edilməsində mühüm rol oynayır. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Tehsil-press.az

Oxşar xəbərlər