Bakı Ali Neft Məktəbinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

Bakı Ali Neft Məktəbinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən yüzlərlə çağırışçılar arasında Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı, tələbə və məzunları da olub. Onlar İkinci Qarabağ müharibəsində iştirak edərək Böyük Zəfərin qazanılmasına öz töhfələrini veriblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu günlərdə ordu sıralarından tərxis olunan Elektron Tədris şöbəsinin əməkdaşı Ağasəlim Qafarovla görüşüb.
Elmar Qasımov Prezident İlham Əliyevin komandanlığı ilə işğal olunmuş ərazilərimizin azad olunmasında Azərbaycan əsgərlərinin, hərbçilərinin tarix yazdığını, ölkəmizə qarşı davam edən ədalətsizliyin bərqərar olunmasında rəşadətlə vuruşduğunu qeyd edib.
Rektor ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. “Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadr olmaqla yanaşı, döyüş meydanında layiqli vətəndaş kimi də özünüzü doğrultdunuz. BANM ailəsi olaraq sizinlə fəxr edirik!”,- deyə əlavə edib.
Elmar Qasımov Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfə verən Ağasəlim Qafarova təşəkkürünü bildirib və göstərdiyi şücaət və işinə peşəkar yanaşması nəzərə alınaraq onun vəzifə dərəcəsinin artırıldığını qeyd edib.
A.Qafarov isə öz növbəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edərək əzəli torpaqlarımızın düşməndən azad edilməsində iştirak etdiyinə görə qürur duyduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər