Qalib əsgərlərimiz 20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini şərəflə davam etdirdilər

Qalib əsgərlərimiz 20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini şərəflə davam etdirdilər 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Hüseyn Cavidin ev-muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tədbirdə Azərbaycan xalqının igid oğul və qızlarının 20 Yanvar hadisələri zamanı göstərdiyi şücaətdən və vətəndaşlarımıza qarşı törədilmiş qətliamdan danışıb. Bu tarixin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığı qeyd edilib.
Alim vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımıza qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirib. O, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində mənfur düşmən üzərində qazanılan qələbədən də söz açıb. Bu mühüm hadisənin müstəqillik tariximizin şanlı səhifəsi olduğunu, qəhrəman əsgər və zabitlərimizin 20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini şərəflə davam etdirdiyini vurğulayıb.
Tədbirdə muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva, Fəridə Azadova, Nailə Məmmədli sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terroru qınayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizəsinin ilk və önəmli hadisəsi olduğunu qeyd ediblər. Çıxışçılar məhz bu hadisənin Azərbaycan xalqının müstəmləkə rejimi ilə heç zaman barışmayaraq milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutduğunu nümayiş etdirdiyini deyiblər. Bildiriblər ki, Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər də bunu bir daha sübut edir.
Sonda “20 Yanvar xalqımızın qürur tarixinin ilk səhifəsidir” adlı sərgi muzeyin rəsmi “Facebook” şəbəkəsi vasitəsilə canlı yayımlanaraq tədbir iştirakçılarına təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər