Paytaxtın məktəb direktorları ilə onlayn görüş

Paytaxtın məktəb direktorları ilə onlayn görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Görüş qurumun tabeliyindəki məktəblərdə tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunub.
Görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəblərdə qiymətləndirmə, kargüzarlıq və digər məsələlər üzrə monitorinqlərin təşkil olunacağını nəzərə çatdırıb. O, direktorlara işlərinə daha məsuliyyətlə yanaşmağı, məktəbləri nəticəyönümlü müəssisələrə çevirməyi tövsiyə edib, tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev fənn olimpiadalarının nəticələri barədə danışıb. O, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1404 şagirdin növbəti yarımfinal turuna keçdiyini deyib, bilik yarışlarının şəhər mərhələsinin təşkilində göstərdikləri yüksək peşəkarlığa görə mərkəz məktəblərin direktorlarına təşəkkürünü bildirib.
Görüşə yekun vuran BŞTİ müdiri qeyd edib ki, həllini gözləyən məsələlər birgə səylərin artırılmasını və çağırışlara çevik münasibət göstərilməsini zərurətə çevirib. İdarə müdiri, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının, ümumi təhsil məktəblərinin idarəetmə sisteminin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verib.

Tehsil-press.az



Oxşar xəbərlər