
Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb. O, Prezident İlham Əliyevin Çaoyanın ən böyük parklarından birində qoyulmuş Nizami Gəncəvinin büstünün müəllifi, heykəltəraş Yüen Sikunu Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etdiyini vurğulayıb. R.Abbasov Nizami Gəncəvinin ölməz “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında dəfələrlə Çini xatırlatdığını, çinlilərin obrazlarını yaratdığını, Çin ipəyi, naxışları, gözəlliyi ifadələrindən istifadə etdiyini söyləyib. Professor dahi şairin Çin rəsmini, poladdan dəbilqələri, bu xalqın gözəlliyini, zəkasını və cəsarətini yüksək qiymətləndirdiyini də qeyd edib. Vurğulanıb ki, şair çinlilərə böyük məhəbbət bəsləyib.
ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Nizami Gəncəvinin “Xəmsə”sindəki epizodlardan, İsgəndərin Çinə yürüşü, Çin xaqanı ilə yazışmalarından, Mani rəssamı haqqında xaqan əfsanəsindən, Bəhramın Sarı sarayda Çin (Türküstan) şahzadəsi Yağmanazla söhbətlərindən danışıblar.
Sonda Nizami Gəncəvinin əsərlərindən nümunələr səsləndirilib.
Tehsil-press.az