Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün

Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün Bakı Slavyan Universitetində (BSU) 15 iyun - Milli Qurtuluş Gününə həsr edilən “Əsrə bərabər gün” adlı onlayn tədbir keçirilib. Tədbir çərçivəsində BSU-nun rektoru, professor Nurlana Əliyevanın xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illiyinə həsr edilmiş “Qüdrətli Azərbaycan naminə” kitabının təqdimatı olub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Onlayn tədbirdə çıxış edən rektor Nurlana Əliyeva bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox önəmli tarixi gündür. Azərbaycan xalqı hazırda mühüm tarixi dövrdə yaşayır. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik məharəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində tarixi ərazimiz olan Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Qarabağın bərpa edilməsi və yenidən qurulması, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi hamımıza qürur hissi yaşadır.
Nurlana Əliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra ilk vaxtlar həyata keçirdiyi çoxşaxəli fəaliyyətində 3 mühüm iş diqqəti xüsusi cəlb edirdi. Bunlardan birincisi xalqımızın vətənpərvər övladlarının cəmləşdikləri YAP-ın iştirakı ilə ölkəmizin sülh, sabitlik, tərəqqi yoluna çıxarılması idi. İkinci mühüm iş təcavüzkar Ermənistanla atəşkəs rejimi haqqında razılığın əldə edilməsi idi ki, bu da öz növbəsində ölkəmizin sərhədlərinin qorunması və ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi üçün olduqca vacib idi. Üçüncü mühüm iş isə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Bu müqavilə ölkəmizin iqtisadi inkişafında müstəsna rol oynadı, Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirdi. Beləliklə, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini qurdu, onu gücləndirdi və dünya birliyinin layiqli üzvünə çevirdi. Bugünkü hərtərəfli inkişaf edən müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.
Vurğulanıb ki, 1993-cü ilin 15 iyunu XX əsrdə Azərbaycan xalqının həyatına böyük tarixi-siyasi əhəmiyyət kəsb edən və əsrə bərabər bir gün kimi daxil olub. 28 il öncə xalqımız qüdrətli siyasi və dövlət xadimi Heydər Əliyevin fədakarlığı, cəsarəti, iradəsi, qətiyyəti, uzaqgörənliyi, müdrikliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq cəhdlərindən xilas oldu. Məhz Ulu Öndərin öz böyük tarixi xilaskarlıq missiyasını layiqincə yerinə yetirməsi sayəsində Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması və dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi aradan qaldırıldı, xalqımız, Vətənimiz məhv olmaqdan qurtuldu.
Rektor diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanda genişmiqyaslı iqtisadi, sosial, hərbi islahatlar həyata keçirildi, dövlət idarəçiliyi, siyasi sistem təkmilləşdirildi, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzu yüksəldi. Azərbaycanın iqtisadi və hərbi baxımdan güclü dövlətə çevrilməsi Vətən müharibəsində tarixi Qələbəmizin əldə edilməsində mühüm rol oynadı. Bu Qələbədən sonra dövlətimizin başçısı İlham Əliyevin qəbul etdiyi strateji qərarlar, reallaşdırdığı düşünülmüş, ardıcıl və sistemli tədbirlər Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşmış yeni siyasi mənzərədəki rolunu və mövqeyini gücləndirir. Prezidentin Qarabağa müntəzəm səfərləri, tarixi torpaqlarımıza xüsusi qayğı və həssaslıqla yanaşması, Böyük Qayıdışı özündə ehtiva edən milli prioritetlər çərçivəsində genişmiqyaslı bərpa, abadlaşdırma və quruculuq işlərinə başlanılması Qarabağın əsl sahibinin məhz Azərbaycan olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır, həm də xalqımızda Qarabağda əbədi yaşayacağına tam əminlik yaradır.
Tədbirdə Milli Məclisin deputatı, “Trend” Beynəlxalq İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev çıxışında müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi hakimiyyət boşluğunu, Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzünün respublikada vəziyyəti daha da gərginləşdirdiyini qeyd edib. Vurğulayıb ki, Vətənin bu ağır dövründə hakimiyyətə qayıdan Ulu Öndərin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkə siyasi böhrandan xilas olub.
Arzu Nağıyev, həmçinin professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabının yüksək elmi-siyasi məziyyətlərə malik, xalqa, Vətənə, dövlətə və dövlətçiliyə xidmət edən, gənc nəslin milli ruhda və vətənpərvər tərbiyə olunmasına müsbət təsir edən bir nəşr olduğunu bildirib.
Qeyd edilib ki, “Qüdrətli Azərbaycan naminə” kitabının redaktoru və “Ön söz”ün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovdur. Nizami Cəfərov “Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətinə fundamental elmi baxış” adlı “Ön söz”ündə kitabı geniş və hərtərəfli təhlil edib, onun yüksək elmi-siyasi və bədii keyfiyyətlərini əsaslandırıb.
Kitaba daxil edilən 3 məqalə - “Milli Qurtuluş Günü - millətin özünə inamının bərqərar olduğu gün”, “Heydər Əliyev ideyaları və XXI əsr” və “Əsrə bərabər gün” məqalələri məhz Milli Qurtuluş Gününə həsr olunub.
Tədbirdə çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Qüdrətli Azərbaycan naminə” kitabını məzmun və ideya baxımından yüksək səviyyəyə malik və müasir dövrümüz üçün dəyərli bir kitab kimi səciyyələndirib.
BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, həmin fakültənin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, həmin kafedranın dosenti Zümrüd Məlikova, BSU-nun II kurs magistrantı Hürzət İsgəndərova təqdimatı keçirilən kitabda yer alan məqalələr haqqında fikir və mülahizələrini bölüşüblər.
Çıxışlarda qeyd edilib ki, “Qüdrətli Azərbaycan naminə” kitabının Milli Qurtuluş Günü ərəfəsində təqdimatının keçirilməsi məntiqəuyğundur. Çünki bu kitabda dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinə, tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müstəqil ölkəmizin yeni dünya standartlarına uyğun inkişaf etməsi və müasir beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutması üçün həyata keçirdikləri genişmiqyaslı fəaliyyətləri yüksək səviyyədə işıqlandırılır. Həmçinin kitabda ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan YAP, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə öz töhfələrini vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında ən böyük həqiqətlər təqdim edilir. Ümumilikdə kitab öz maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir.
BSU-nun Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, dosent Dilarə Hacıyeva, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən dosent Kamran Hacıyev, Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasını müdiri, dosent Səməngül Qafarova bu dəyərli kitabının işıq üzü görməsi münasibətilə professor Nurlana Əliyevanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər