Əfqanıstandakı vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Əfqanıstandakı vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? “Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı. 20 il öncə "Taliban" silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əfqanıstan iqtisadiyyatındakı son vəziyyəti şərh edərkən yazıb.
Onun sözlərinə görə, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir: “Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu.
İlkin proqnozlara görə, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir”.
Deputat həmçinin Əfqanıstandakı vəziyyətin Azərbaycana necə təsir edəcəyi məsələsinə də toxunub. O qeyd edib ki, Azərbaycan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir: “Əfqanıstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu əvvəlki illə müqayisədə 2 dəfədən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub.
Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanıstana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusi təsirləri olmayacaq.
Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyirci olduğu bu xəmir hələ çox su aparacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər