Vətən müharibəsi Azərbaycan xalqının birliyinin təcəssümüdür

Vətən müharibəsi Azərbaycan xalqının birliyinin təcəssümüdür Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Anım Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq bu günün əhəmiyyətindən danışıb. Qeyd edib ki, Vətən müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsi iştirak edib və şərəflə döyüşüb. Onlar arasında əməkdaşlar, tələbələr və məzunlar var. Universitetin üç məzunu şəhidlik zirvəsinə ucalıb: “Universitetimiz həm Vətən müharibəsində, həm də sonrakı dövrdə hər zaman şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza diqqətini əsirgəməyib. 26 iyun- Silahlı Qüvvələr Günü ərəfəsində biz universitetimizdə “Zəfər lövhəsi”nin açılış mərasimini keçirdik. Bu lövhədə universitetimizin Vətən müharibəsindəki təmsilçilərinin, həmçinin şəhid məzunlarımızın adları qeyd olunub. Onlardan bir çoxu Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunub. Biz onların hər biri ilə fəxr edir, şəhidlərimizin xatirəsini hər zaman ehtiramla anırıq”.
ADMİU-nun kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli 44 günlük müharibənin sonunda qazanılan şanlı Qələbənin Azərbaycan xalqına yaşatdığı sevincdən danışıb. Qeyd edib ki, bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, Azərbaycan əsgərinin Qələbəsidir.
“Vətən müharibəsi Azərbaycan xalqının birliyinin təcəssümüdür. Bu Qələbənin sahibi Azərbaycan xalqı və ordusu, onun Müzəffər Ali Baş Komandanıdır. Azərbaycan övladı müharibəyə toya-bayrama gedər kimi gedirdi. Azərbaycan əsgəri ona görə bütövlüklə bu savaşa atıldı ki, o, öz şərəfi, namusu, torpağı uğrunda çarpışırdı”, - deyə Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib.
Universitetin mətbuat katibi, yazıçı-publisist Şahanə Müşfiq vurğulayıb ki, Vətən müharibəsi “azərbaycanlılar qorxaq, ermənilər isə döyüşkən millətdir” kimi əsassız, gülünc mifləri darmadağın etdi. Rəşadətli Ordumuz sübut etdi ki, qəhrəman Azərbaycan övladı bircə qarış torpağından ötrü belə həm öldürməyə, həm də yeri gəlsə, ölməyə hazırdır. Bu gün biz Qarabağ uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla, qürurla, sevgi və minnətdarlıqla anırıq”.
Daha sonra ADMİU-nun Vətən müharibəsi iştirakçıları - Cavid Arzumanov, Dağlar Yusifov, Ariz Əsgərov, Şahmar Məmmədov, Hilal Dəmirov, Cavidan Kəsəmənli, Tamerlan Əsədov çıxış edərək xatirələrini bölüşüblər. Onlara ADMİU tərəfindən Azərbaycan Yazıçılar Birliyinin nəşri olan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı və xatirə hədiyyələri təqdim olunub.
Sonda ADMİU-nun IV kurs tələbəsi Səma Zamiqqızı özünün “Şuşa” şeirini söyləyib.

Tehsil-press.az



Oxşar xəbərlər