BDU-da Mir Həmzə Qarabağinin yaradıcılığına həsr olunmuş Beynəlxalq simpozium keçirilib

BDU-da Mir Həmzə Qarabağinin yaradıcılığına həsr olunmuş Beynəlxalq simpozium keçirilib Bakı Dövlət Universitetində (BDU) Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunan Beynəlxalq simpozium keçirilib.
BDU və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq simpoziumda Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət və ictimai xadimlər, BDU-nun müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi anılıb.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərini vurğulayıb. Vətən müharibəsindən, qazandığımız Böyük Zəfərdən danışan rektor Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib.
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Həmzə Nigarinin poeziyası və fəlsəfəsindən bəhs edən E.Babayev qeyd edib ki, onun Vətən eşqi, Vətənə bağlılığı Qarabağa həsr etdiyi şeirlərində daha qabarıq ifadə olunur. Qarabağın Şərqi Zəngəzur bölgəsində doğulan, lakin sonralar doğma yurdundan ayrılaraq qardaş Türkiyədə məskunlaşmaq məcburiyyətində qalan Mir Həmzə Nigari əsərlərində öz yurduna həsrət və sevgisini daim ifadə edib. “Qara bağrım Qarabağımdır” deyən, “Qarabağdan xəbər versə” küləklərə canını qurban etməyə hazır olan Nigari oranı dünyanın behişti adlandırır. Təsadüfi deyildir ki, insanlar Qarabağ torpaqlarının işğal altında olduğu dövrlərdə bu şerlərlə təsəlli tapıb, öz həsrətlərini ovundurmağa çalışıblar. Həm Azərbaycanda, həm də Türkiyədə tələbələr yetişdirən, gənc nəslin elmin sirlərinə yiyələnməsi üçün çalışan, həm də gözəl poetik nümunələr yaradan mütəfəkkir şair iki qardaş ölkə arasında hələ o dövrdə mənəvi bağlılıq yaradan simalardandır.
TADİV-in sədri, Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar böyük mütəfəkkir Seyid Nigarinin həyat və yaradıcılığı, fəlsəfəsi haqqında ətraflı məlumat verib.
Plenar iclasda təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mir Həmzə Seyid Nigari Qarabaği nəslinin davamçısı Mir Sədi Məmmədoğlu çıxış edərək, Azərbaycan ilə Türkiyənin tarixi birliyini diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı ilə Vətən müharibəsində Böyük Qələbə qazandığımızı diqqətə çatdırıblar. Vurğulanıb ki, Vətən müharibəsi zamanı qardaş Türkiyə daim Azərbaycanın yanında olub, ona mənəvi dəstək verib.
Mir Həmzə Qarabaği Nigarinin həyat və yaradıcılığından danışan natiqlər onun əsərlərinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Mir Həmzə Qarabaği Nigari əsərlərində doğma Vətənə böyük sevgi və məhəbbətini ifadə edib, insanları mənəvi saflığa, xeyirxahlığa çağırıb. Onun doğma yurdu Qarabağa həsr etdiyi şeirləri xüsusilə dərin maraq doğurur.
Plenar məruzə ilə Xalq şairi Nəriman Həsənzadənin çıxışı dinlənilib.
Bədii hissədə BDU tələbələrinin ifasında Mir Həmzə Seyid Nigari Qarabağinin divanından nümunələr səsləndirilib.
Beynəlxalq simpozium iki bölmədə fəaliyyətini davam etdirib. Bölmə iclaslarında Mir Həmzə Qarabaği Nigarinin yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş elmi məruzələr dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər