Dövlət Neft və Sənaye Universitetində Elmi şuranın növbəti iclası

Dövlət Neft və Sənaye Universitetində Elmi şuranın növbəti iclası Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın ənənəvi formatda növbəti iclası keçirilib.
İclasda universitetin rektoru professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında məlumat verib.
COVID-19 pandemiyası ilə bağlı universitetdə həyata keçirilən qabaqlayıcı işlərdən danışan rektor M.Babanlı tələbə və müəllimlərin təhlükəsizliyinin təmin olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin tövsiyəsi əsasında təxirəsalınmaz tədbirlərin icra olunduğunu deyib. O, eyni zamanda, universitetin əməkdaşlarının və tələbələrinin vaksinasiyası ilə bağlı heç bir problemin olmadığını bildirib.
İclasda yeni tədris ilində keyfiyyətli təhsilin təşkilindən bəhs edən rektor əsas fəaliyyət istiqamətləri üzrə göstəricilər, bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması, cari tədris ilində əsas hədəf istiqamətləri, eləcə də növbəti 5 il üçün yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planlarının hazırlanması və digər mühüm məsələlər haqqında fikir və təkliflərini bildirib.
ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov COVID-19 pandemiyası ilə bağlı fakültələr və kurslar üzrə tədrisi tam və ya qismən onlayn rejimə keçirilən qrupların və təhsilalanların statistikası haqqında məlumat verib.
Dissertasiya şuralarının fəaliyyəti haqqında elmi işlər üzrə prorektor professor Lətafət Qardaşova məruzə ilə çıxış edib.
Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayevin fakültənin fəaliyyəti haqqında illik hesabatı dinlənilib.
İclasda tədris laboratoriyalarının vəziyyətinin və laboratoriya işlərinin məzmunun analiz edilməsi ilə bağlı komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Tehsil-press.az


Oxşar xəbərlər