Tanınmış alim tələbələrə postkonflikt ərazilərin bərpası istiqamətində görülən işlərdən danışıb

Tanınmış alim tələbələrə postkonflikt ərazilərin bərpası istiqamətində görülən işlərdən danışıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü Akif Musayev “Postkonflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması” mövzusunda elmi seminar keçirib.
Tədbirdə universitetin rektoru professor Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində postkonflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması sahəsində hazırda həyata keçirilən işlərdən və nəzərdə tutulan tədbirlərdən bəhs edib.
Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov postkonflikt dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində dövlət proqramları, strateji inkişaf konsepsiyaları və prioritetlər haqqında məlumat verib.
Akif Musayev postkonflikt ərazilərin bərpası, yenidən qurulması istiqamətində görülən işlər, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə Qarabağ izi, məcburi köçkünlər arasında keçirilən sosioloji sorğular barədə məruzə edib. O, 44 günlük Vətən müharibəsinin böyük Qələbə ilə yekunlaşması nəticəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq orada yaşaması imkanları, işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi və dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılmasından söhbət açıb. Alim, eyni zamanda, işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasının təmin edilməsinin vacibliyindən, bu prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya məqsədlərinə nail olunması ilə bağlı görülən işlərə toxunub.
Tədbirdə müzakirə edilən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb. Müəllimlər, eləcə də tələbələr müzakirələrdə fəal iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər