BDU-da professor Şirməmməd Hüseynovun anadan olmasının 97 illiyinə həsr edilmiş tədbir keçirilib

BDU-da professor Şirməmməd Hüseynovun anadan olmasının 97 illiyinə həsr edilmiş tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tədqiqatçı alim, BDU-nun professoru Şirməmməd Hüseynovun anadan olmasının 97 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Jurnalistika fakültəsinin professor və müəllimləri İkinci Fəxri xiyabanda tədqiqatçı alimin məzarını ziyarət ediblər.
Tədbirdə Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev görkəmli alim, professor Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasındakı rolundan və yaratdığı elmi məktəbdən, zəngin yaradıcılığından danışıb. V.Əliyev professorun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm xidmətlərini vurğulayıb.
Sonra alimin ömür-gün yoldaşı Ülkər Hüseynovanın “Cümhuriyyət adamı” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən Ülkər Hüseynova professor Şirməmməd Hüseynov haqqında fikirlərini bölüşüb, kitabda görkəmli alimə həsr edilən məqalələrin toplandığını bildirib. O, kitabın ikinci hissəsinin üzərində işlədiyini diqqətə çatdırıb.
BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev professor Şirməmməd Hüseynovun elmə, təhsilə böyük töhfələr verdiyini vurğulayıb.
Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Allahverdi Məmmədli, Nəsiman Yaqublu, Həmid Vəliyev, Akif Rüstəmov, dekan müavini Samir Mirzəyev görkəmli alim və pedaqoq Şirməmməd Hüseynovun elmi araşdırmalarının əhəmiyyətindən bəhs edib, onun müəllifi olduğu kitabların böyük əksəriyyətinin sanballı, ensiklopediya səviyyəsində olan əsərlər olduğunu bildiriblər.
Sonra görkəmli alimin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər