BDU-nun Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı dəyirmi masa

BDU-nun Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı dəyirmi masa Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı onlayn dəyirmi masa keçirilib.
Fakültənin dekanı Vüqar Əliyev “Molla Nəsrəddin” jurnalının qısa müddət ərzində böyük nüfuz qazanması, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik və satirik mətbuatın inkişafına mühüm töhfələr verdiyinə diqqət çəkərək bu sahədə yeni səhifə açmış jurnalın önəmindən bəhs edib.
Fakültənin dekan müavini Samir Mirzəyev “Molla Nəsrəddin” jurnalının milli mətbuat tariximizdəki rolu, satirik jurnalistikanın formalaşmasında əhəmiyyəti haqqında məlumat verib.
Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, “Molla Nəsrəddin” jurnalının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Natiq görkəmli publisistin jurnalı yaratmaqla satirik publisistikanın, eyni zamanda, satirik qrafika və karikaturanın əsasını qoyduğunu bildirərək, Azərbaycan mətbuatının inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli jurnalın dövrümüz üçün müasir olduğunu vurğulayıb, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev isə “Molla Nəsrəddin” jurnalının Tiflis nəşrləri barədə məlumat verib.
Professorlar Nəsiman Yaqublu, Qulu Məhərrəmli, Nəsir Əhmədli, Sabir Məmmədli, dosent Aygün Əzimova jurnalın 115 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, görkəmli publisist C.Məmmədquluzadə və satirik jurnalla bağlı fikirlərini bölüşüblər.

Tehsil-press.az

Oxşar xəbərlər