DİM Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə tədbirlər təşkil edib

DİM Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə tədbirlər təşkil edib Dövlət İmtahan Mərkəzi (DİM) və “YAŞAT” Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə Biləsuvar, Göyçay, Şəki və Xaçmaz şəhərlərində görüşlər keçirilib.
Tədbirlərdə 2021-ci il noyabrın 4-də DİM ilə “YAŞAT” Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, memorandumun əsas məqsədi şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.
Sonra DİM əməkdaşları tərəfindən iştirakçılara psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barədə məlumat verilib. Çıxışlarda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.
Tədbir iştirakçılarına DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 586 ədəd) hədiyyə olunub. Həmçinin otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətlərı haqqında məlumat verilib.
Biləsuvardakı görüş Heydər Əliyev Mərkəzində təşkil olunub və DİM-in Lənkəran regional bölməsinin əməkdaşlarını, mərkəzin nümayəndələrini və Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı və Astara rayonlarının məktəblərində təhsil alan şəhid övladlarının bir qismini və onların valideynlərini əhatə edib.
Göyçayda təşkil olunan tədbirdə rayon icra başçısının müavini Zivər Zeynalova, DİM-in Göyçay regional bölməsinin müdiri Elnur Qədirov, ictimai fəal şəxslər və Ağdaş, Ağsu, Ucar, Kürdəmir, İsmayıllı, Göyçay və Şamaxı rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan şəhid övladları iştirak ediblər.
Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə DİM-in Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov, “YAŞAT” Fondunun Şəki şəhəri üzrə nümayəndəsi Samir Qarayev, ictimaiyyət nümayəndələri və Balakən, Zaqatala, Oğuz, Qax və Şəki rayonlarının ümumi təhsil müəssisələrinin şagirdləri olan şəhid övladları iştirak ediblər.
Digər görüş DİM-in Xaçmaz regional bölməsinin inzibati binasında keçirilib. Tədbir regional bölmənin əməkdaşlarını, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının ümumi təhsil müəssisələrində oxuyan şəhid övladlarını əhatə edib.
Biləsuvar, Göyçay, Şəki və Xaçmaz şəhərlərində keçirilən tədbirlərə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər nəzərə alınaraq müvafiq olaraq 24, 18, 19 və 15 nəfər məktəbli və onların valideynləri dəvət olunub. Biləsuvar, Göyçay, Şəki, Xaçmaz və ətraf rayonların məktəblərində təhsil alan, lakin pandemiya qaydalarına riayət etmək səbəbindən görüşə çağırılmayan şəhid övladlarına da DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri və otk.az saytı üçün ödənişsiz kuponlar çatdırılacaq.
Məlumat üçün bildirək ki, analoji tədbirlər daha əvvəl Bakı, Gəncə, Naxçıvan, Bərdə, Şəmkir və Şirvan şəhərlərində keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər