Rektor: Ali təhsil müəssisələri öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir

Rektor: Ali təhsil müəssisələri öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir Ali təhsil məzununun işə qəbul edilməməsinin əsas səbəblərindən biri kimi onların iş təcrübələrinin olmaması qeyd edilir. Mövcud qanunvericilik əyani təhsil alan tələbələrin işə qəbul edilməsi üçün məhdudiyyətlər yaratmır.
Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində paylaşım edib.
Rektor qeyd edib ki, əyani təhsilalanlar haqqı ödənilən əmək fəaliyyətilə məşğul ola bilər və onun adına açılan əmək kitabçasında (və yaxud onun alternativində) müvafiq qeydlər aparıla bilər. Bu zaman tələbənin iş saatları ilə dərs saatlarının üst-üstə düşməməsi əsas şərtdir.
“İşəgötürənlərin ali təhsil müəssisələrini yenicə bitirmiş məzunlarını işə qəbul etmək kimi bir öhdəlikləri yoxdur. Amma işəgötürənlərin hamısı savadlı, bacarıqlı, səriştəli mütəxəssislərə ehtiyac duyduğunu bildirirlər. Həqiqət həm də ondan ibarətdir ki, ali təhsil müəssisələri də öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir. Bu həm də ali təhsil müəssisələrində təhsilin keyfiyyət göstəricilərindən ən vacibidir! Yəni, işəgötürənlər onların tələblərinə cavab verən mütəxəssisləri işə qəbul etməyə hazır olduğunu, ali təhsil müəssisələri isə işəgötürənlərin tələblərinə cavab verən mütəxəssislər hazırlamaq iqtidarında olduğunu bildirirlər. Başqa sözlə, işəgötürənlərin və ali təhsil müəssisələrinin maraqları üst-üstə düşür, amma reallıqda bu, problem olaraq qalır”, - deyə rektor bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər