BDU rektoru Elçin Babayev Universitetin hər zaman öz tələbə və məzunları ilə fəxr etdiyini bildirib. Rektor qeyd edib ki, BDU-nun ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. BDU-nun fəaliyyəti dövründə 200 mindən artıq məzunu olub. BDU məzunları ölkəmizin sosial, iqtisadi, mədəni, elmi həyatında uğurla çalışıblar. Onlardan biri də elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlidir.
Layihənin qonağı Nicat Məmmədli 16 yaşından həyatının BDU ilə bağlı olduğunu, burada bakalavr və magistr təhsili aldığını, 14 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul oldunu bildirib: “BDU məzunu olmağımla həmişə qürur duymuşam. BDU mənim üçün həm bilik, həm həyat məktəbi olub və formalaşmağımda mühüm rol oynayıb”.
Elm və təhsil nazirinin müşaviri daha sonra marağın insan həyatında rolundan danışıb. Qeyd edib ki, maraq insanları həyatda daha çox şeylər əldə etməyə, daha artıq bilik qazanmağa sövq edən məsələlərdən biridir. O, maraq və bilik arasında qarşılıqlı əlaqənin insanın şəxsiyyətinin zənginləşməsi və maddi rifahının yüksəlməsində mühüm rol oynadığını diqqətə çatdırıb: “Maraq dairəsi bol olan insanlar daha çox eksperiment edir, daha yaradıcı həll yolları tapırlar”. O, gəncləri daha çox bilik əldə etməyə, maraqlarının arxasında getməyə, sual verməkdən çəkinməməyə çağırıb.
Sonda elm və təhsil nazirinin müşaviri tələbə və müəllimlərin suallarını cavablandırıb.
Tehsil-press.az











