BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb

BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU rektoru Elçin Babayev və RİİB sədri Məhəmməd Abdullayev imzalayıblar.

Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ölkəmizin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda, gənclərin şəbəkələşməsində fərqli layihələrə imza atır. Rektor BDU ilə RİİB-in artıq bir neçə ildir səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb, imzalanan memorandumun bu əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirib. O qeyd edib ki, gənclərin ictimai birliklərə cəlb olunması onlar üçün motivasiya və təcrübə mənbəyidir. BDU-da çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlar RİİB-in həyata keçirdiyi layihələrin də aparıcı qüvvəsidir.

RİİB sədri Məhəmməd Abdullayev imzalanan memorandumun BDU-nun elmi və intellektual potensialını paytaxt və regionların inkişafı ilə səmərəli şəkildə əlaqələndirməyə xidmət edəcəyini bildirib. “Inanırıq ki, BDU-nun çağdaş və elmi imkanları ilə “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif sahələrdə qazandığı təcrübə birləşdikdə, ölkəmiz üçün əhəmiyyətli faydalar əldə ediləcək. Bu gün imzalanan anlaşma memorandumu qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri üzərində qurulmuş nümunədir”.

Məhəmməd Abdullayev RİİB-in fəaliyyətində təhsil layihələrinin xüsusi yer tutduğunu, Birliyin Elm və Təhsil Nazirliyi, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini qeyd edərək, bu günə qədər Bakı Dövlət Universiteti ilə birgə təşkil olunan müxtəlif tədbirlərdən danışıb.

Memorandum Universitet və RİİB arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sosial, iqtisadi, ekoloji, elmi, mədəni, təhsil, informasiya texnologiyaları və digər sahələrdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi, gənclərin fərdi inkişafının dəstəklənməsi, ictimai maarifləndirmə və cəmiyyətin dayanıqlı inkişafına töhfə verilməsi istiqamətində birgə fəaliyyət göstərilməsini nəzərdə tutur.

Tərəflər memorandum çərçivəsində müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı üçün birgə layihə, yarış, elmi konfrans və müsabiqələr, cəmiyyətin inkişafına xidmət edən müxtəlif sosial, ekoloji, mədəni, təhsil, informasiya texnologiyaları və digər istiqamətlərdə təşəbbüslər həyata keçirəcəklər. Tələbələrin şəxsi inkişafı, sosial məsuliyyət hissinin və könüllülük fəaliyyətinin təşviqi üçün könüllü qismində RİİB-in fəaliyyətinə cəlb olunması və onların müxtəlif layihə və tədbirlərdə iştirakının təmin olunması, təhsilalanların İctimai Birlikdə istehsalat təcrübəsi keçmələrinə şəraitin yaradılması da memorandumda əskini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər