ADPU: Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatının pilot mərhələsi üzrə dərslər davam edir

ADPU: Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatının pilot mərhələsi üzrə dərslər davam edir Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Strateji İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatı (ICILS) üzrə təhsilverənlər və təhsilalanlar üçün keçirilən seminarlar yekunlaşıb.
Hazırda tədqiqatın pilot mərhələsi üzrə 8-ci sinif şagirdləri ilə informatika dərsləri davam edir. Təlimlər Bakı şəhəri üzrə 9, digər şəhər və rayonlarda isə 12 məktəb olmaqla, ümumilikdə 41 sinifdə aparılır.
ICILS şagirdlərin bacarıqlarını iki meyar əsasında qiymətləndirir. Birinci meyar kompüter və informasiya savadlılığıdır (computer and information literacy - CIL). Bu meyar əsasında kompüterdən istifadə, məlumatların toplanması və onlar əsasında rəqəmsal məhsul istehsalı, eləcə də rəqəmsal kommunikasiya bacarıqları qiymətləndirilir.
Kompüter və informasiya savadlılığı meyarı şagirdlərin kompüterdən fərdi istifadə bacarıqlarını evdə, məktəbdə, iş yerində və digər sahələrdə araşdırma aparmaq, məlumat istehsal etmək və kommunikasiya qurmaq məqsədilə tətbiq etmələrini qiymətləndirir.
İkinci meyar isə problemlərin konseptuallaşdırılması və həlli əməliyyatlarının icrası üçün şagirdlərin hesablama düşüncəsini (computational thinking (CT) ölçmək üçündür.
2023-cü ildə ölkəmizdə ümumi orta təhsil səviyyəsinin 8-ci sinfində təhsil alacaq şagirdlər birinci meyar üzrə fərdi bacarıqlarını nümayiş etdirərək, ümumi vəziyyətə dair mənzərənin formalaşmasına və digər ölkələrlə bu sahədə mövcud fərqlərin ayırd edilməsinə şərait yaradacaqlar. Eyni zamanda, bu tədqiqat nəticəsində gənclərin XXI əsr CIL bacarıqlarının inkişafı haqqında etibarlı, müqayisə edilən məlumatlar əldə olunacaq.
İlk dəfə 2013-cü ildə və ikinci dəfə 2018-ci ildə keçirilən tədqiqatın 2023-cü il üçün əsas hədəfi informasiyanın idarə edilməsi, kommunikasiya və hesablama düşüncəsi üçün müasir, geniş yayılmış rəqəmsal kontekstlərlə məşğul olmaqla öz aktuallığını qoruyub saxlamaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər