Memarlıq və İnşaat Universitetində “Açıq qapı” günü

Memarlıq və İnşaat Universitetində “Açıq qapı” günü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qəbul komissiyasının və “Kainat” Tədris Mərkəzinin təşkilatçılığı ilə “Açıq qapı” günü keçirilib.
Əsasən texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə keçirilən görüşdə fakültə dekanları, kafedra müdirləri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə Qəbul komissiyasının əməkdaşı Rəna Cəbrayılova universitetin müəllimlərini abituriyentlərə təqdim edib. Sonra AzMİU haqqında film nümayiş olunub.
Prorektor Orxan Naqdıyev universitetin tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, laboratoriyaları, karyera imkanları və digər vacib yeniliklərlə bağlı abituriyentlərə ətraflı məlumat verib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tələbə təşkilatları ilə işin təşkili barədə təqdimat da şagirdlərin marağına səbəb olub.
“Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev AzMİU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, işbirliyinin səmərəli davam etməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirib.
Görüşdə abituriyentlərə ixtisas seçimi zamanı AzMİU-nun bu günün tələbinə cavab verən, əmək bazarına uyğun fakültələrinə üstünlük vermələri tövsiyə olunub.
Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər