İspandilli səkkiz ölkənin Azərbaycandakı səfiri bir arada

İspandilli səkkiz ölkənin Azərbaycandakı səfiri bir arada ADU-nun İspan dili mərkəzinin yaradılmasının 10 illiyi təntənəli qeyd olunub
Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ispandilli səkkiz ölkənin Azərbaycandakı səfiri iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla İspan dili mərkəzinin yaradılmasının 10 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd edib ki, universitetdə ispandilli ölkələrin dili, tarixi, mədəniyyəti və müasir dünyadakı yeri tələbələr tərəfindən böyük maraqla öyrənilir:
“Bugünkü tədbirimizdə iştirak edən səfirlərə və bütün qonaqlara təşəkkür edirəm ki, əlamətdar və gözəl gündə bizimlə bir yerdədirlər. Bu mərkəz ispandilli ölkələrlə, universitetlərlə, gəncliklə əlaqəmizin son dərəcə önəmli bir məkanıdır. Ümid edirəm ki, İspan dili mərkəzi bundan sonra da ispandilli ölkələrin universitetləri ilə əlaqələrini gözəl şəkildə quracaq və Azərbaycan Dillər Universitetinin təkcə ispandilli tələbələri yox, başqa ixtisaslarda oxuyan tələbələri də bundan faydalanacaqlar”.
Təntənəli yubiley mərasimində tələbələrin ifasında ispandilli ölkələrin rəqsləri və mahnıları səslənib, müxtəlif məzmunlu səhnəciklər təqdim olunub.
Qeyd edək ki, İspan dili mərkəzi Azərbaycan Dillər Universiteti və İspaniyanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə açılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi İspan dili ixtisası üzrə təhsil alan tələbələrin ispan dili və mədəniyyətini öyrənməsi, onların elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək, onların beynəlxalq aləmə çıxışına yardım göstərmək, İspaniya, ispandilli Latın Amerikası ölkələri və Azərbaycan arasındakı əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olmaqdır. İspan dili tərcüməçi ixtisası üzrə təhsil alan tələbələr ispan dilini öyrənməklə yanaşı, İspaniyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olur. Bu istiqamətdə araşdırma aparmaq üçün mərkəzdə kifayət qədər mənbə vardır ki, tələbələr bu mənbələrdən istifadə edirlər. Mərkəzdə, təxminən 690-a yaxın kitab resursuna malik, kifayət qədər dolğun məlumatı özündə cəmləyən ispan, Azərbaycan və rus dillərində kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Kitabxanada olan kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılıb. Kitabxanadan istənilən şəxs qeydiyyatdan keçərək istifadə edə bilər.
Mərkəz özünün fəaliyyəti dövründə bir sıra tədbirlərin keçirilməsinə təşkilatçılıq edib. Mütəmadi olaraq ispan dilli müəllim tərəfindən “Club de Conversación” (Danışıq klubu) təşkil olunur. Azərbaycanda ispandilli ölkələrin rəsmi nümayəndəlikləri, səfirliklərin təmsilçiləri mütəmadi olaraq mərkəzdə keçirilən tədbirlərə qatılır, tələbə və müəllimlərlə sıx əməkdaşlıq edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər