Monitorinq Mərkəzində “Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində növbəti görüş

Monitorinq Mərkəzində “Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Türkiyə Respublikasında yaşayan soydaşımız, İstanbul Şəhər Teatrlarının direktor müavini Əməkdar incəsənət xadimi Məlahət Abbasova və Əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilib.
“Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində keçirilən görüşdə milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olan mədəniyyət sahəsində Azərbaycan dilinin saflığının qorunması, doğma dilimizin və mədəniyyətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği, eləcə də dublyaj sahəsindəki nöqsanlarla bağlı fikir mübadiləsi aparılıb.
Professor Sevinc Əliyeva bildirib ki, Monitorinq Mərkəzi fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirib. S.Əliyeva mədəniyyət sahəsində də dilin saflığının qorunmasını Mərkəz üçün prioritet məsələ kimi dəyərləndirərək qurumun Mədəniyyət və Azərbaycan dili şöbəsinin bu işə mühüm töhfələr verəcəyini diqqətə çatdırıb.
Azərbaycan dilinin saflığının qorunmasında sənət nümayəndələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən professor S.Əliyeva ana dilimizin ölkə hüdudlarından kənarda nüfuzunu artırmağın başlıca vəzifə olduğunu söyləyərək Məlahət Abbasova və Aybəniz Haşımovanın bu istiqamətdə fəaliyyətlərini yüksək qiymətləndirib.
Filmlər və serialların dublyajında ədəbi dilin tətbiqi səviyyəsi də müzakirə edilib, aparılan monitorinq zamanı bu sahədə ciddi nöqsanların aşkar edildiyi diqqətə çatdırılıb. Mərkəzin mədəniyyət və Azərbaycan dili ilə bağlı işlərinə uğurla rəhbərlik edən baş mütəxəssis Aygün Qurbanova görüşün Türkiyə‒Azərbaycan dostluğu, musiqi və mədəniyyətimizin inkişafı, eləcə də serialların dublyajında dilin düzgün tətbiqi ilə bağlı vacib məqamların öyrənilməsi üçün faydalı olacağını vurğulayıb. O, həmçinin bildirib ki, Məlahət xanımın timsalında keçirilən bu kimi görüşlər və Monitorinq Mərkəzinin incəsənət xadimləri ilə əməkdaşlığı mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliğində də böyük rol oynayacaq.
Peşəkar fəaliyyətində Azərbaycan‒Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verməklə vətənpərvərliyi ilə hər zaman ön sıralarda olan Məlahət Abbasova milli-mənəvi dəyərlərimizin təbliğinə dair gördüyü işlər barədə ətraflı məlumat verib.
Müzakirələrin yekunu olaraq bu sahədə görüləcək işlərin uğurlu inkişafı və təbliği naminə əməkdaşlığın zəruriliyi vurğulanaraq konkret təkliflər səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər