Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş

Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Bolqarıstanda yaşayan soydaşımız Sofiya Şıqayeva Mitreşka ilə görüş keçirilib.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, eləcə də həmin təhsil ocağında Azərbaycan dilini tədris edən soydaşımızla görüşdə Bolqarıstanda doğma dilin təbliği və tədrisi məsələləri geniş müzakirə edilib. Sofiya Universitetində doğma dilimizin 2013-cü ildən tədris olunduğunu bildirən qonaq növbəti ildən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin də tədris proqramına daxil edilməsi təklifinin irəli sürüldüyünü vurğulayıb. Azərbaycan mədəniyyəti, milli–mənəvi dəyərləri və ədəbiyyatının Bolqarıstanda təbliğindən danışan Sofiya Mitreşka Nizami Gəncəvi və Nəsimi qəzəllərinin, Cəlil Məmmədquluzadənin bir neçə hekayəsinin, Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərlərinin bolqarca nəşr edildiyini diqqətə çatdırıb. O, hazırda M.F.Axundzadənin bir neçə komediyasının tərcümə edildiyini, Şuşa haqqında bolqar dilində kitab hazırlandığını deyib, Azərbaycanın qadın şairlərinin antologiyasının isə artıq yekunlaşdığı barədə məlumat verib. Fevral ayında Müqəddəs Kiril və Mefodi adına Velikotırnova Universitetinin elan etdiyi tərcümə müsabiqəsində Azərbaycan dilinin də təmsil olunması müsbət hal kimi dəyərləndirib.
Görüş zamanı soydaşımız Bolqarıstanda yaşayan azərbaycanlı ailələrdə böyüyən uşaqlarda doğma dilə maraq yaratmaq üçün müvafiq dərslik və dərs vəsaitlərinin çatışmazlığını təəssüflə qeyd edib.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva xaricdə yaşayan soydaşlarımızın ölkəmizin, mədəniyyət və dilimizin təbliğinə xidmət edən fəaliyyətlərini yüksək dəyərləndirərək onlara bu məsuliyyətli işlərində uğurlar arzulayıb. S.Əliyeva Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi üçün əməkdaşlığın zəruriliyini vurğulayıb, lazımi dərslik və vəsaitlərlə təmin olunması, tərcümələrin və ölkəmizi təmsil edən müvafiq kitabların bolqar dilində nəşri istiqamətində Monitorinq Mərkəzinin öz töhfəsini verməyə hazır olduğunu bildirib. Mərkəzin həyata keçirəcəyi layihələr sırasında Azərbaycan dilini öyrənən əcnəbi tələbələr üçün müxtəlif müsabiqələrin təşkilinin əhəmiyyəti nəzərə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər