Ermənilər Xocalıda döyüş mövqeləri yaradır

Ermənilər Xocalıda döyüş mövqeləri yaradır Ötən axşam Ermənistan Silahlı Qüvvələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə tikinti işləri həyata keçirməyə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə xəbərdarlıq atəşi açıb və bütün qabaqlayıcı tədbirlər görülüb. Bu xüsusda, Rusiya sülhməramlı kontingentinin komandanlığı məsələ ilə bağlı məlumatlandırılıb.
Məlumata görə, 1 saat sonra insident ərazisinə bir qrup sülhməramlı gəlib.
Bildirilir ki, Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini və görülən işləri dayandırmaq əvəzinə, əksinə, erməni dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Qarabağdakı sülhməramlıların işini tənqid edib. Onun sözlərinə görə, bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən Azərbaycan Müdafiə Nazirliyinə söz verib ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq: “Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir”.

Tehsil-press.az



Oxşar xəbərlər