BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda müzakirələr aparıb

BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda müzakirələr aparıb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İzmir Yüksək Texnologiya İnstitutunda olub.
Görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetdə təhsil və tədris prosesi, elmi tədqiqatlar, yeni innovativ layihələr haqqında məlumat verib. Qardaş Türkiyə universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətində geniş və faydalı əlaqələrdən bəhs edib. 2022-ci ildə BDU-da İzmir Yüksək Texnologiya İnstitutu ilə imzalanmış əməkdaşlıq müqavilənin əhəmiyyətinə diqqət çəkib, əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açıb.
İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın genişləndiyini, universitetlər arasında tələbələrin, akademik və inzibati heyətin mübadiləsinin, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı universitetlər arasında mövcud akademik və elmi əlaqələrin genişləndirilməsi, təhsil və tədqiqat sahəsində əməkdaşlığın perspektivləri, birgə ikili diplom proqramları müzakirə olunub.
Tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, təhsilin bütün sǝviyyǝlərindǝ kadrların mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən elmi konfranslar, sərgilər, seminarlar, simpoziumlar və təlimlərin birgə keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, 2022-ci ildə BDU ilə İzmir Yüksək Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 1992-ci ildə qoyulmuş İzmir Yüksək Texnologiya İnstitutu Türkiyənin mühəndislik sahəsində nüfuzlu ali məktəblərindəndir. İnstitutda tədris ingilis dilində aparılır. 6241 tələbə təhsil alır. 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər