Tarif Şurasından Aİ-92 və dizelin aksiz dərəcələri ilə bağlı - Məlumat

Tarif Şurasından Aİ-92 və dizelin aksiz dərəcələri ilə bağlı - Məlumat Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
Bu barədə Tarif Şurası məlumat yayıb:
“Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub.
Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 fazdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 26 iyul 2022-ci il tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb.
Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətinə təsir göstərmir və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Belə ki, Tarif (qiymət) Şurasının Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymət zəncirində daxili dəyişiklik edilərək, artan aksiz məbləğləri qədər istehsalçı tarifləri azaldılıb, topdansatış tarifləri isə mövcud səviyyədə saxlanılıb.
Qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti də təsdiq edilib.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13417 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar”.

Tehsil-press.az



Oxşar xəbərlər