Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru BDU-nun əməkdaşları və tələbələri üçün ustad dərsi keçib

Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru BDU-nun əməkdaşları və tələbələri üçün ustad dərsi keçib Bakı Dövlət Universitetində (BDU) Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin tədqiqatçı alimi, professor Mikhail Kiselev “ICTP-nin təhsil və tədqiqat proqramları” mövzusunda ustad dərsi-mühazirə keçib.
Tədbirdə BDU-nun əməkdaşları, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Mühazirədə İtaliyanın Triest şəhərində yerləşən, İtaliya hökuməti, UNESCO və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin bir çox elm sahələri üzrə elmi-tədqiqat işləri həyata keçirdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bu sahələr arasında yüksək enerjilər, kosmologiya və astrohissəciklər fizikası, kondensə olunmuş hal fizikası və statistik fizika, riyaziyyat, yer elmləri, elm, texnologiya və innovasiya və həyat elmləri sahələri üstünlük təşkil edir.
Məruzəçi, həmçinin Mərkəzdə fizika və riyaziyyat üzrə birgə doktorantların hazırlığı, karyeranın inkişafı, digər əməkdaşlıq proqramlarının da həyata keçirilməsi haqqında iştirakçılara geniş məlumat verib.
Sonra suallar cavablandırılıb.
Qeyd edək ki, BDU ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələr qurulub. Müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq mövcuddur.

Tehsil-press.az


Oxşar xəbərlər