Şəhid Emin Qədirovun xatirəsinə həsr olunmuş “Zəfər turniri”nin qalibləri müəyyənləşib

Şəhid Emin Qədirovun xatirəsinə həsr olunmuş “Zəfər turniri”nin qalibləri müəyyənləşib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri arasında universitetin şəhid məzunu Emin Qədirovun xatirəsinə həsr olunmuş “Zəfər turniri” intellektual bilik yarışı keçirilib.
Əvvəlcə universitetdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan kompleks ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sonra yarışın açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzMİU-nun prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edərək gənclərə şəhidlərimizin keçdiyi yolu örnək götürməyi, Vətəni onlar kimi sevməyi, onlar kimi qorumağı tövsiyə ediblər.
Şəhidin anası İradə Qədirova AzMİU-da şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, onların tələbələrə mütəmadi olaraq tanıdılmasını təqdirəlayiq hal kimi qiymətləndirib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Böyük həyəcan və maraqla keçən yarışda tələbələr komandalar şəklində mübarizə aparıblar. Final qarşılaşmasından sonra qaliblər müəyyən edilib. I yeri Tikinti-iqtisad, II yeri Mexanika və İnformasiya texnologiyaları, III yeri isə İnşaat fakültəsinin komandası qazanıb.
Qaliblərə diplomlar təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər