AzMİU-nun məzunu şəhid Rafiq Heydərovun məzarı ziyarət olunub

AzMİU-nun məzunu şəhid Rafiq Heydərovun məzarı ziyarət olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin məzunu Vətən müharibəsi şəhidi Rafiq Heydərovun II Fəxri xiyabandakı məzarı ziyarət olunub.
Ziyarətdə fakültənin dekanı Elçin Yusifzadə, dekan müavini Etibar Quliyev, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Tarix muzeyinin direktoru Gülmira Məmmədova və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar. Sonra şəhid Rafiq Heydərovun məzarı üzərinə qərənfillər düzüb, ruhuna dualar oxuyublar.
Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyulun 1-də Bakıda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra “ASK Ayaqqabı Fabriki” MMC-də işə başlayıb. Vətən müharibəsinin ilk günlərindən Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Oktyabrın 14-də isə döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Rafiq Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tehsil-press.az



Oxşar xəbərlər