AzMİU-nun Elmi şurasının ilk iclasında qəbulun nəticələri müzakirə olunub

AzMİU-nun Elmi şurasının ilk iclasında qəbulun nəticələri müzakirə olunub Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi şurasının 2022-2023-cü tədris ili üzrə ilk iclası keçirilib.
İclasda 2022-2023-cü tədris ili üzrə universitetin bakalavr və magistr səviyyələrinə qəbulun nəticələri müzakirə olunub. İclası giriş sözü ilə açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova şura üzvlərinə gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
Elmi şuranın katibi professor Tahirə Haqverdiyeva “2022/2023-cü tədris ili üçün Elmi şuranın iş planının müzakirəsi və təsdiqi” mövzusunda məruzə ilə çıxış edib.
Universitetin Qəbul komissiyasının rəhbəri dosent Surxay Əliyevisə “2022/2023-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” mövzusunda məruzə edib. Surxay Əliyev məruzəsində həm universitet, həm də AzMİU-nun tabeliyində fəaliyyət göstərən İnşaat Kollecinə tələbə qəbulu ilə bağlı ətraflı məlumat verib. Komissiya rəhbəri qeyd edib ki, AzMİU-ya bakalavriat səviyyəsində tələbə qəbulu üzrə plan yeri 96%, İnşaat Kollecinə isə 90% yerinə yetirilib. Ayrıca fakültə və ixtisaslar üzrə də qəbul nəticələri üzrə analitik məlumatlar təqdim edən məruzəçi sonda Şura üzvlərinin suallarını cavablandırıb.
AzMİU-nun Magistratura Mərkəzinin direktoru dosent Rövşən Səmədov 2022/2023-cü tədris ili üzrə magistratura səviyyəsində plan yerinin 92% yerinə yetirildiyini deyib, qəbul səviyyəsinin daha da yüksəldilməsi üçün fəaliyyət planının hazırlandığını bildirib.
İclasda digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Elmi şuranın üzvləri çıxış ediblər. Təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az


Oxşar xəbərlər