“Heydər Əliyev İli” çərçivəsində AMEA-da silsilə tədbirlər keçiriləcək

“Heydər Əliyev İli” çərçivəsində AMEA-da silsilə tədbirlər keçiriləcək “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər və nəşr ediləcək elmi əsərlər Heydər Əliyev epoxasının reallıqlarını və ideallarını cəmiyyətə çatdırmaqla bərabər, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətlərinin elmi əsaslarla əks etdirilməsini də əhatə etməlidir. İlk növbədə, respublika üzrə həyata keçiriləcək elmi konfranslar və hazırlanacaq nəşrlər müzakirə olunaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub. Həmin tədbirlər içərisində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibətilə Azərbaycan-Türkiyə birgə beynəlxalq elmi konfransın keçirilməsi də əksini tapıb.
Bunu 2023-cü ildə AMEA-nın qarşısında duran vəzifələrə həsr olunmuş müşavirədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib.
Akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatı baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. O qeyd edib ki, “Heydər Əliyev İli” ilə əlaqədar akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatlarda qarşıdakı həftədən etibarən tədbirlərin keçirilməsi müəyyənləşdirilib. Bu qəbildən olan silsilə tədbirlər AMEA-nın regionlardakı elmi bölmələrində və mərkəzlərində də təşkil olunacaq.
Tədbirdə AMEA-da 2023-cü ildə keçiriləcək struktur islahatları və diqqət mərkəzinə çəkilməsi əhəmiyyətli olan elmi problemlər haqqında da tapşırıqlar verilib. Akademiyada elektron sənəd dövriyyəsinə keçid, problem şuralarının fəaliyyətinin optimallaşdırılması, yekun elmi hesabatların müzakirələrinin miqyasının genişləndirilməsi və sair kimi məsələlər ətrafında da müzakirələr aparılıb.
Müşavirədə AMEA Rəyasət Heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və mülahizələrini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər