BDU-da tədbir: Şuşa Bəyannaməsi regionda sülhün və təhlükəsizliyin qarantı kimi

BDU-da tədbir: Şuşa Bəyannaməsi regionda sülhün və təhlükəsizliyin qarantı kimi Bakı Dövlət Universitetinin (BDU) Tarix, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrinin təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi regionda sülhün və təhlükəsizliyin qarantı kimi” adlı onlayn tədbir keçirilib.
Tədbirdə universitetin Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev Şuşa Bəyannaməsinin imzalanmasının region üçün çox əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, 2021-ci il iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı Bəyannamə ölkələrimizin tarixi qardaşlığının, dostluğunun və birliyinin əyani təcəssümüdür.
B.Nəbiyev Bəyannamənin iki ölkə arasında dostluq və qardaşlığın, ölkələrimizin münasibətlərinin keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldıracağından, xalqlarımızın ümumi mənafelərinə xidmət edəcəyindən bəhs edib. Vurğulanıb ki, Bəyannamə, eyni zamanda, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamından irəli gələrək xalqlarımızın birliyini, ortaq milli-mənəvi dəyərlərini əks etdirir.
Məruzə ilə çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Gününə - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənasının olduğuna diqqət çəkib. O bildirib ki, biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda böyük dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsə Qars müqaviləsini xatırlatdı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Sonra BDU-nun Diplomatiya və inteqrasiya kafedrasının müəllimi Soltan Zahidov Şuşa Bəyannaməsinin regionda sülhün və təhlükəsizliyin qarantı kimi əhəmiyyətindən bəhs edib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu tədbirin universitetdə Şuşa Bəyannaməsinin təbliği istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı olduğunu vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər